Güləş yığmamız Türkiyədə birinci yeri tutdu – FOTO

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.

XALQ.AZ xəbər verir ki, sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (-62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə bir qızıl, bir gümüş və üç bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında ikinci yeri tutub.

Türkiyə birinci, Bolqarıstan isə üçüncü olub. Sərbəst güləşdə Əbubəkr Abakarov (-79 kq), Aslanbəy Alborov (-92 kq), Camaləddin Məhəmmədov (-125 kq) qızıl, İntiqam Vəlizadə (-61 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Şamil Zubairov (-92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə dörd qızıl, bir gümüş və altı bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla birinci yeri tutub. Meydan sahibi Türkiyə ikinci, Gürcüstan isə üçüncü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.