Güllələnən eks nazir oğlunun cənazəsi Bakıda

XALQ.AZ xəbər verir ki, İlyas İsmayılova Türkiyədə qılınan cənazə namazında Əhməd Davudoğlu da iştirak edib
Keçmiş baş prokuror, ədliyyə naziri, deputat, məşhur siyasi xadim, “Ədalət” partiyasının sədri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun cənazəsi Bakıya gətirilib. Onun cənazəsini gətirən təyyarə gecə saatlarında hava limanına eniş edib. Mərhumun həyat yoldaşı Sevil Nuriyeva, o cümlədən digər yaxınları da Bakıya gəliblər.
“Elə bil dünya yıxılıb…” – Sevil Nuriyeva ərinin ölümü barədə
Mərhumla ilk vida mərasimi ötən gün İstanbulda baş tutub. Florya Yeni Camidə baş tutan mərasimə onun yaxınları, ailə üzvləri ilə yanaşı keçmiş XİN rəhbəri Əhməd Davutoğlu, İstanbul polisinin şefi Mustafa Çalışqan da qatılıb.
Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb.
Xatırladaq ki, iş adamı olan E. İsmayılov sentyabrın 19-da öz ofisində Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. O, başından iki, ürəyindən bir güllə yarası alıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir.
İstiPress “Posta” qəzetinə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.
Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.


Orxan