GÜNÜN QƏHRƏMANLARI

1420d67a 4e1a 4167 a831 fdfac48778f7

Əsl qəhrəmanlığı meydana gətirən millətin özü olur. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini daşıyırsa, o zaman qəhrəmanlar meydana çıxar. Bəşər tarixinin ən böyük savaşlarında əsgərlərlə bərabər döyüş meydanında fədakarlıq nümayiş etdirən tibb işçiləri məhz mərdliyin, cəsarətin zirvəsinə yüksələrək qəhrəmana çevrilib. Bu gün tibb tariximizin fədakar, qəhrəman həkimləri COVİD-19 infeksiyasına qarşı gah gözə görünərək, gah da görünməyərək çətin, şərəfli yollardan keçərək mübarizəyə atılıblar. Günümüzün qəhrəmanları olan bu həkimlər virusa yoluxan xəstələr üçün ümid yerinə çevrilərək  fədakarlıqları ilə Vətən qarşısında müqəddəs borclarını yerinə yetirirlər.

Müsibət və çətinlik hər bir əsrin insanına tanışdır. Ötən ilin dekabrında Çinin Uhan şəhərində yerli sakinlərdə aşkar edilən naməlum mənşəli pnevmoniya xəstəliyinin sürətlə dünya ölkələri arasında yayılması bəşəriyyəti çox böyük fəlakətlə üz-üzə qoydu. Bu gün bütün dünyanı ağuşuna alaraq qlobal problemə çevrilən bu xəstəlik nəinki yüz minlərlə günahsız insanların ölümünə bais olub, hətta ABŞ-ın, Böyük Britaniyanın, İtaliyanın, Rusiyanın, İspaniyanın, Çinin, İranın və digər güclü dövlətlərin iqtisadiyyatına mənfi təsir edərək həyatlarını alt-üst edib. Bütün sərhədləri aşaraq sürətlə yayılan bu virus çox təəssüf ki, ölkəmizdən də yan keçməyərək 400-dən artıq insanın həyatına son qoyub. Hazırda bu bəlanın ölkəmizdə geniş yayılaraq təhlükəli həddə çatması mümkünsüzləşdirilib.

Adətən, belə ağır və böhranlı vəziyyətlərdə dövlət rəhbərlərinin üzərinə düşən ən əsas vəzifə xilaskarlıq missiyası olur. Ölkə rəhbəri İlham Əliyev bu missiyanı hər zaman siyasi iradəsi ilə yerinə yetirib və bu gün də uğurla, inamla davam etdirməkdədir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılaraq həmin Fonda büdcədən vəsait ayrılıb. Daha sonra dövlət başçımız və ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik məvaciblərini Fonda ianə edərək gözəl bir ənənənin əsasını qoydular. Prezidentin tapşırığı ilə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq daha əlverişli şərtlərin formalaşdırılması qərara alınır. Pandemiyaya qarşı mübarizənin daha da səmərəli təşkil olunması üçün ən yüksək standartlara cavab verən “Yeni klinika”nın açılması, Sumqayıtdakı tibbi maska istehsalı müəssisəsinin işə salınması, daha sonra modul tipli 10 xəstəxananın da inşa olunması, insanların ziyan çəkməməsi üçün dövlət büdcəsindən müəyyən vəsaitlərin ayrılması, ən əsası da ölkə rəhbərinin və xanımının xalqa evdən çıxmaması üçün etdiyi müraciəti bir daha sübut etdi ki, dövlət hər zaman vətəndaşının yanındadır. Səhiyyə işçilərinin pandemiya ilə mübarizədə yüksək peşəkarlığını və fədakarlığını nəzərə alaraq ölkə başçısının həkimlərin əməkhaqqının artırılması üçün imzaladığı sərəncam da Azərbaycan həkiminə inamı bir daha artırdı. İlk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edib bu qurumun tövsiyələrinə çox ciddi yanaşaraq vaxtında və qəti tədbirlərin görülməsinin nəticəsində bu gün ölkəmiz pandemiya başa çatmasa da, bu sınaqdan uğurla çıxaraq ən az itki ilə üzləşən ölkələr sırasındadır.

Əslində, qəhrəmanlığın məkanı, zamanı olmur. Adətən, cəmiyyət mənəvi gücdən yoğrulan qəhrəmanlıqlarımızın sayəsində tərəqqi tapır. Belə çətin bir məqamda ölkəmiz virusla mübarizədə bütün qüvvələrini səfərbər edərək insanların sağlamlığının qorunmasına qarşı tədbirləri gündəlik nəzarətdə saxlayaraq əsl peşəkarlıq nümunəsi göstərdilər. Bu ağır günlərdə dövlətlə həmrəy olub daha çox fədakarlıq göstərən səhiyyə işçilərinin – professorların, həkimlərin, tibb bacılarının  pandemiyaya qarşı qətiyyətlə mübarizə aparmaları əsl qəhrəmanlıqdır. Virusa tutularaq evdə müalicə alan xəstələrin vəziyyətinə nəzarət edilməsi, onların ətrafında olan insanların müayinəsi xəstəliyin qarşısının vaxtında alınmasında görülən əsas işlərdəndir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının COVİD-lə bağlı həyata keçirdiyi layihələri, bütün xəstələrin vəziyyətini, qoruma təlimatlarına riayət edilməsini şəxsən nəzarətdə saxlaması da sözün əsl mənasında fədakarlıqdır. “Unutmayaq ki, koronovirus alacağınız tədbirlərdən daha güclü deyil” şüarını əlində rəhbər tutan   TƏBİB-in sədri Ramin Bayramlı qadağalara riayət edən vətəndaşlara ciddi həmrəylik nümayiş etdirdikləri üçün Operativ Qərargahın, Qərargahın Tibb bölməsinin, bütün Azərbaycan həkimlərinin və tibb işçilərinin adından təşəkkürünü bildirməsi ilə insanların sosial məsuliyyətini təqdirəlayiq hal hesab edib. Dövlətimizə, doğmalarımızın keşiyində duran TƏBİB-in tibb personalına əziyyət verməmək üçün tələb və qaydalara riayət edərək intizamlı olarsaq, sağalanların sayı yoluxanları üstələyəcək. 

İnfeksiyanın tüğyan etdiyi bir vaxtda ailələrindən təcrid olunaraq gecə-gündüz ağır rejimdə çalışan fədakar tibb işçiləri özlərini təhlükəyə ataraq bu günün qəhrəmanına çevrildilər. Bu gün övladlarını, doğmalarını evdə qoyub könüllü bu mübarizəyə  qatılan saysız-hesabsız həkimlərimiz pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər. Gözə görünməyən bu xəstəliklə elə gözə görünmədən də mübarizəyə başlayan bu günün qəhrəmanlarından olan Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunun həkimi Günay Əliyeva ilə onlayn əlaqə yaradıb xəstələrə necə yardım etdiklərinə və həmin xəstələrin bu bəla ilə necə mübarizə apardıqlarına aydınlıq gətirməsini istədim. Günay xanım pandemiya ilə mübarizə dövründə belə bir mövzuya toxunduğum üçün təşəkkürünü bildirərək sualımı cavablandırmağa başladı:  

– Dünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı məlumatları Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunun infeksionistlərində də çox böyük narahatçılıqlar yaratdı. Dərhal toplantılar edilərək mübarizəyə qoşulan könüllü həkimlərin dövlət tərəfindən karantinli xəstələr üçün ayrılmış müəssisələrə ezam olunması işlərinə başlanıldı. Heç düşünmədən, anidən gələn təklifə anidən də qərar verərək bu mübarizəyə könüllü həkim kimi qatıldım. Hətta bu addımı atarkən iki azyaşlı övladımı, yaxınlarımı düşünmədiyim üçün dəfələrlə qınanıldım da. Əslində, bu ağır gündə özümü ön sıralarda görərək üzərimə düşən vəzifəni yerinə yetirmək üçün bu yola çıxdım. Bir pulmonoloq kimi ən ağır patalogiya ilə işlədiyim üçün bu infeksiyanın nə dərəcədə öldürücü olduğunu bilsəm də, nədənsə daxilimdə bir özgüvən olduğunu hiss edirdim. Vəziyyətin və xəstəliyin kifayət qədər ciddiliyini nəzərə alaraq qorunmaq üçün gözlükdən, əlcəkdən, daha güclü qoruyuculuq gücü olan respiratordan, tam hava keçirməyən, izolyasiya olunan geyimdən istifadə edirdik. Bu da aktiv fəaliyyətdə olan bir həkim üçün hədsiz narahatlıq yaradır. Pandemiya mərkəzlərinin birində böyük bir komanda ilə 12 saatlıq iş rejimində çalışmaq çətinlik yaratsa da, artıq bu rejimə adaptasiya olunmuşam. Nə qədər yorğun olsaq belə, yenə də 2 saatlıq disskusiyalara, onlayn konfranslara qatılaraq daha düzgün, daha gözəl nəticələr əldə etmək üçün qarşılaşdığımız hər çətinliyi doğru variantlarla müqayisə edib dəyərləndiririk. Bu mübarizədə isə bizə daha çox arxa olan dövlət rəhbərimiz oldu.

Biz bütün ölkələrin bu virusla mübarizə təcrübələrinə nəzər yetirəndə nəticənin o qədər də ürəkaçan olmadığını görürdük. Gənc bir həkim olaraq dövlətin hər bir vətəndaşının yanında olması məni çox sevindirdi. Gözlədiyimizdən də artıq qayğını, diqqəti gördük. Karantin rejimi, sosial məsafənin qorunması, izolyasiya dönəmi – hər birinin üzərində bu qədər ciddi dayanılması bu işin bu səviyyəyə, belə gözəl nəticəyə gəlib çıxmasına nail olundu. Bu işdə yalnız tibb işçilərinin deyil, bir sıra dövlət orqanlarının da əməyi danılmazdır. Əhalinin “Evdə qal” çağırışına qoşulması da pandemiyanın yayılmasının qarşısının alınmasında əsas amil idi. Heç vaxt görmədiyimiz, qarşılaşmadığımız xəstəliklə başqa dövlətlərin təcrübələrindən istifadə etməklə bir anda mübarizəyə başlamağın da özünəməxsus çətinlikləri var. Yüngül, orta, ağır, hətta deyərdim ki, gecikdirilmiş xəstələrlə qarşı-qarşıya qalanda və həmin xəstələrin laborator göstəricilərinin, müayinələrinin nəticələrini gördükdə məsələnin nə qədər ciddi olduğunu anlayıb “daha necə kömək edə bilərəm” sualına cavab tapmağa çalışmışam. Bu virusun adında o qədər qorxu, həyəcan var ki, belə xəstələr psixoemosional faktora görə çox aqressiv olur, depressiyaya düşür. Belə xəstələrlə işləmək çox çətin olsa da, biz tolerantlıq göstərərək eynəyin arxasında qalan təbəssümlü baxışlarımızla onlarda pozitivlik yaratmağa nail oluruq. Bir dəfə müayinə zamanı xəstələrdən biri “Günay həkim, mənim ağrılarım hələ də davam edir” deyərək məni çox təəccübləndirdi. Məni necə tanıdığını soruşdum. O, gözlərini əynimdəki qoruyucu geyimin, maskanın üzərində gəzdirərək sonda eynəyin arxasnda qalan gözlərimə zilləyərək “səsinizdən və gözlərinizdən tanıdım” dedi. Xəstənin vəziyyətinin qənaətbəxş olmadığı barədə məlumatım olduğundan özümdə güc toplayaraq dilləndim: – Qorxma, ağrı vücudun təbilidir. Orqanizmin hər hansı hissəsində problemin olması ilə bağlı xəbərdarlıq siqnalıdır. Ağrı xəstəlik deyil, ən önəmlisi isə ağrı daimi deyil – deyərək hər şeyin yaxşı olacağına inandırmağa calışdım həmin xəstəni. Həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağalmağa inamını artırır. Öz istəyi ilə anonimliyi qorunan həmin xəstə ciddi müalicələr, ümidlər, əziyyətlər bahasına olsa da, yenidən sağlamlığına qovuşdu. Açığını deyim ki, bizim xəstəyə son nəfəsinə qədər ümid verib “müqəddəs yalan” danışmağa belə məcbur qaldığımız zamanlar da olub. İnanın ki, sağalıb normal həyatlarına dönən xəstələri görəndə işləmək həvəsimiz daha da artır. Bu ağır günlərdə ən böyük istəyim xəstənin rentgenində müsbət irəliləyişləri görməkdir. Təəssüf hissi ilə qeyd edim ki, xilas edə bilmədiyim xəstələrin arasında öz həmkarlarım da olub. Bu bəlanın çox ağır nüanslarının olmasına baxmayaraq, bir ölkə olaraq bunun öhdəsindən gələcəyimizə inanıram. Ruhdan düşmədən, yenə də var qüvvəmlə çalışaraq sonuna qədər əlimdən gələni edəcəm. Mən deyərdim ki, bir işə duyğuyla, həssas yanaşanda görülən iş daha keyfiyyətli olur. Həqiqətən də “Biz birlikdə güclüyük!” şüarı əbəs yerə yaranmayıb. Bir ölkə olaraq Azərbaycanı dünya statistikasında ən aşağı ölüm faizi ilə, ən yüksək sağalma faizi ilə göstərilən ölkələr sırasında görəndə əziyyətimizin boşa getmədiyi biz həkimləri bir daha sevindirdi. Bu mübarizədə bizə daha çox arxa-dayaq olan, qayğısını əsirgəməyən möhtərəm prezidentimizin müdrik qərarları və uzaqgörənliyi əsas amil oldu.

Sağlamlıq misilsiz bir sərvətdir. Bu ağır dönəmlərdə çətinliyə sinə gərib, cəsarətlə, məhəbbətlə, ürəklə Tanrının bizə bəxş etdiyi bu sərvətin keşiyində dayanan bu günün qəhrəmanları, “Eşq olsun!” sizlərə.

GÜNEL

(Yazı “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə üçün təqdim olunur)