Gürcüstan AŞPA-dan gedir
Gürcüstanda hakim komanda parlamentin Avropa Şurasındakı nümayəndə heyətinin üzvlərini geri çağırıb. Eyni zamanda, “Gürcü Arzusu-Demokratik Gürcüstan” və “Xalqın Gücü” partiyalarının üzvləri səlahiyyətlərinin dayandırılması ilə bağlı Assambleya sədrinə fərdi qaydada müraciət ediblər.
XALQ.AZ xəbər verir ki, Gürcüstan Parlamentinin Bürosu nümayəndə heyətinin üzvlərinin geri çəkilməsini dəstəkləyib.
Parlamentin Avropa Şurasındakı nümayəndə heyətində kvotaları “Gürcü Arzusu”nun üzvləri, müxalifət adından isə “Xalqın Gücü”nün üzvləri tutublar.
Parlamentin sədri Şalva Papuaşvili büro iclasında deyib ki, biz AŞPA-nın demokratiyaya və suverenliyə hörmət əsasında öz orijinal dəyərlərinə qayıtmasını gözləyirik.