Gürcüstan prezidenti Qəbələ konserv zavodunda olub

Qebele Konserv Zavodu
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Qəbələ konserv zavodunda olub.

Xalq.az-ın məlumatına görə, zavodda istehsal prosesi ilə tanış olan G.Marqvelaşviliyə məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur.

Ali qonağın diqqətinə çatdırılıb ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir.

Qeyd olunub ki, müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış “Tetra Pak” xəttində işin gedişi ilə tanış olub.

G. Marqvelaşvili Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə də yaxından tanış olub. Gürcüstan prezidenti mərkəzin ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilib ki, burada 92 kv. m səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir.

Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi var. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir.

Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilib. Binanın önündən keçən çayın üzərində körpü tikilib.