Gürcüstanda “Ümumqafqaz Evi” yaradılıb

Gürcüstanda “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatı yaradılıb. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, QHT bu gün Tbilisidə təqdim olunub.

Təşkilatın təsisçiləri Azərbaycanın istefada olan polis general-mayoru, Qarabağ müharibəsi veteranı Kamil Məmmədov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynovdur.

O bildirib ki, təşkilat ötən ilin dekabrında Gürcüstanda rəsmi qeydiyyata alınıb: “Təşkilatın əsas fəaliyyət istiqaməti Qafqazda sülh quruculuğuna dəstək verməkdir. Sentyabrda QHT-nin Tbilisidə təsis qurultayının keçirilməsi nəzərdə tutulub. Toplantıya Gürcüstan, Azərbaycan və Ermənistanı təmsil edən ictimai-siyasi xadimlər və sülh quruculuğu sahəsində fəaliyyət göstərən təşkilatlar dəvət olunacaqlar”.

“Ümumqafqaz Evi”nin təsis olunması təşəbbüsünə Gürcüstanın 50-yə yaxın məşhur simaları dəstək verib. Onların arasında məşhur müğənni, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, dünyaca məşhur gürcü bəstəkar Gia Kançeli, məşhur gürcü rejissor Robert Sturua da var.

Təşkilatı Qarabağ ermənisi, “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanov və digər Qarabağ erməniləri də dəstəkləyib.

Tədbirdə “Ümuqafqaz Evi”nin bölgədə münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəaliyyətinə dəstək vermək çağırışı ilə beynəxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, Cənubi Qafqaz ölkələrinin ziyalıları və ictimaiyyətinə müraciət qəbul olunub.