“Hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var” – Deputat

106074242 177166903803901 1673399956843661467 n

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq da mühüm yer tutur”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Hər il Azərbaycan Türkiyə silahlı qüvvələri birgə silahlı hərbi təlimlər keçirirlər.

Möhtərəm Prezident cənab İlham Əliyev avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, xalqlar arasındakı qardaşlığın daha da gücləndirilməsi üçün əhəmiyyətlidir.

Deputatın fikrincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr, üçüncüsü isə Türkiyənin milli regional maraqları və qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.

“İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır”,-deyən Fatma Yıldırım əlavə edib ki, iki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə birgə mübarizənin perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.

Deputat onu da söyləyib ki, “Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırım aktı törədib, bir milyondan çox azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Eyni zamanda, dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb. Bu, bir həqiqətdir ki, bu gün də Ermənistan Azərbaycana qarşı işğalçı siyasətindən əl çəkmir və israrla təxribatlara davam edir.

Millət vəkilinin sözlərinə görə, Tovuz hadisələri sonrası beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasının bir daha şahidi oldu. “Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu sözlər möhkəm təməllər üzərində qurulmuş etibarlı siyasəti özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezidentin Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız özünə güvənən və güclü dövlət başçılarına xasdır. Bu fikirlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir. Hesab edirəm ki, bu gün dünya ictimaiyyəti bilməlidir ki, bu regionda iki qardaş dövlətə yönəlmiş haqsız iddialar və təhdidlər öz layiqli cavabını daima alacaqdır”.Məq