Həcc ziyarətinə son hazırlıq işləri görülür

41

 

“Orada müsəlman Allahın bəndəsi olduğunu tam dərk edir”

 

Səudiyyə Ərəbistanında, Məkkədə zəvvarları qəbul etmək üçün son hazırlıq işləri görülür. Gördüyünüz görüntülər müsəlman dünyası üçün unikaldır. Müqəddəs Kəbənin örtüyü – kisvə ənənəyə uyğun olaraq yuxarı qaldırılır. Örtüyün qaldırılmasından sonra onun yuxarı hissəsini ağ pambıq parçaya bükürlər. Həmçinin Müsəlmanların baş məscidinin – Məscidül-Həramda Kəbə ətrafında təvaf edənlərin rahat hərəkətini təmin etmək üçün genişləndirmə işləri aparılıb. Hər il yüz minlərlə insan Yer üzündə tikilən ilk ibadət evini ziyarət etmək üçün Məkkəyə yola düşür.

Bu il hacı adını alacaq insanların arasında 3 mindən çox azərbaycanlı olacaq. Son dövrdə Azərbaycanda gənclər arasında dinə meyl daha da artıb. Buna sübutlardan biri də Həcc ziyarətini edənlər arasında gənclərin sayının artmasıdır. Belə gənclərdən biri də 24 yaşlı Kənan Əsgərzadədir. Artıq beş ildir ibadətlə məşğul olan Kənan Həcc ziyarətini özü üçün kamilliyə çatma anı sayır.

“Orada müsəlman Allahın bəndəsi olduğunu tam dərk edir. Belə eşitmişəm mən də bu ziyarəti. Allah nəsib etdi yerinə yetirəcəm”.

Kənanla bir yerdə ziyarətə gedəcək şəxslər arasında artıq bir dəfə Məkkədə olmuş insanlar da olacaq. Ümumiyyətlə Azərbaycanda bir neçə dəfə həcc ziyarətinə getmək ənənəsi mövcuddur. Həcc ziyarətinə getmək istəyənlərin sayının çox, yerlərin isə məhdud olduğunu nəzərə alaraq bu müəyyən suallara səbəb olur. Mənəvi saflığa çatmaq istəyən müsəlman üçün bir neçə dəfə həccdə olmaq bəyəniləndir, amma…

“Getmək olar. Amma əgər sənin tərəfində o pula ehtiyacı olanlar varsa başqa işlərin varsa onlara xərclənsə daha yaxşı olar” – deyə İlahiyyatçı Hacı Şahin bildirir.

Oktyabrın 3-dən başlayaraq 5 gün ərzində zəvvarlarımız 14 təyyarə reysi ilə Məkkəyə yola salınacaq. Zəvvarların qalacağı oteldən, eləcə də təyyarə xidmətlərindən asılı olaraq ziyarət onlara 3 min 250 – 4 min 100 manata başa gəlir.

Qafqaz müsəlmanları idarəsi bir neçə ay əvvəldən həccə gedən insanların mariflənməsi üçün kurslar təşkil edib. Zəvvarlar 42-45 nəfərlik qruplara bölünüb. Qrup rəhbərləri həmin zəvvarları ziyarətə hazırlayıblar. Həcc ziyarətinə yollanan insanlar qarşısında bir sıra tələblər qoyulub.

“Ora gedən insan ən başlıca namaz bilməlidir. Namazı bilməyən, öyrənməyən insanın Həcci batildir. Biz elə eləmişik ki, ora gedən insanlar özlərinə zəruri olan əşyaları götürə bilsinlər. Biz onlara çiyin çantaları, broşurlar, kitabçalar bölürük, onlarda Azərbaycan bayrağı var, bir- birini tanımayan insanlar o bayraqlardan da bilir ki, bu azərbaycanlıdır” – deyə QMİ-nin sədr müavini Hacı Fuad Nurullah bildirib.

Zəvvarlar Məkkəyə çatan kimi kiçik ümrə ziyatətini edəcəklər. Böyük Həcc isə Qurban bayramına iki gün qalmış başlanacaq. Həcc ziyarətinin ən son məqamı – Qurban kəsilməsi oktyabrın 15-16-na, Qurban bayramı günlərinə təsadüf edəcək. Həcc ziyarətində demək olar ki, bütün əməllər 7 dəfə edilir. “Məkkəyə getmənin mənası odur ki, mən qiyamətə gedirəm kiçik qiyamətə. Həccə kiçik qiyamət deyirlər. Bütün şeylər 7 dəfə edilir. Şeytana daş atmaq, təvaf. Bunun da mənası odur ki sən nəyisə yeddiyə çatdıranda tam saflaşırsan. 6 olmaz, 7 olan kimi tamamlanır” – deyə QMİ-nin sədr müavini Hacı Fuad Nurullah bildirib.

Həcc ziyarətini tamamlayıb Hacı adını alan şəxslərin ilk mükafatı isə Mədinəyə yollanıb peyğəmərin, burada dəfn olunan imamların qəbirlərinin və digər müqəddəs yerlərin ziyarət edilməsi olacaq. Sonra Zəvvarlar Mədinə hava limanından geri qayıdacaqlar.