Lerikdə həkim məntəqələri üçün yeni binalar istifadəyə verildi

Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binaların istifadəyə verilməsi ilə əlaqədar sentyabrın 11-də Pirasora kəndində açılış mərasimi keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Səfirliyin birinci katibi, İqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Shinichi Honda, Səfirliyin layihələr üzrə eksperti Gülşən Ağayeva, “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov açılış nitqi ilə çıxış edərək, Pirasora və Conu kəndlərində həkim məntəqələri üçün yeni binaların tikintisi haqqında məlumat verdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, Yaponiya Hökumətinin “Ot Kökləri İnsan Təhlükəsizliyi Layihələri üzrə Qrant Yardımı” proqramı çərçivəsində Azərbaycan Respublikasında, o cümlədən Lerik rayonunda bir sıra layihələr həyata keçirilmiş, sosial obyektlər tikilib istifadəyə verilmişdir. Əvvəlki illərdə Lerik şəhər 3 saylı tam orta məktəbinin tədris korpusu, Şingədulan kənd həkim məntəqəsi üçün bina inşa edilmiş, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Proqram çərçivəsində bu il fevralın 19-da Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin Lerik rayonuna səfəri zamanı səfirlə “Lerik rayonunun Pirasora və Conu kəndlərində həkim məntəqələrinin tikintisi” layihəsini həyata keçirən “Gənclərin Sosial Problemlərin Həllinə Kömək” İctimai Birliyinin sədri arasında qrant müqaviləsi imzalanmışdır. Rayon icra hakimiyyətinin başçısı ümidvar olduğunu bildirdi ki, bu layihə tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcəkdir. Ölkəmizdə əhaliyə tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən böyük işlər həyata keçirildiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bu işlərdə, eləcə də digər sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edən Yaponiya Səfirliyinə minnətdarlığını bildirdi, açılış münasibətilə təbriklərini çatdırdı.
Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək bildirdi ki, Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binaların istifadəyə verilməsi rayon səhiyyəsinin inkişafına çox böyük bir töhfədir. Bu cür layihələr mütəmadi olaraq həyata keçirilir və sosial xarakter daşıyır. Yeni binalarda tibbi xidmət üçün hər cür şərait yaradılmışdır. Həmin tibb müəssisələrinin işçiləri də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərəcəklər.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək bildirdi ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuşdur. Yaponiyanın Səfirliyi tərəfindən Yaponiyanın Rəsmi İnkişafa Yardım Proqramı (ODA) çərçivəsində güzəştli kreditlər, qrant yardımı layihələri, eləcə də texniki əməkdaşlıq həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Səfirlik tərəfindən də Azərbaycanda bir sıra layihələr həyata keçirilmişdir. Əsas diqqət iqtisadi infrastrukturun təkmilləşdirilməsi və insan resurslarının inkişafı ilə bağlı səylərə yönəldilmişdir. Bundan əlavə, Yaponiya Hökuməti Azərbaycanda mədəniyyət və təhsil layihələrinin həyata keçirilməsinin dəstəkləmək məqsədilə “Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində bir çox faydalı layihələr həyata keçirmişdir. Yaponiya Hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşılaya biləcək inkişaf layihələri üçün “Ot Kökləri İnsan Təhlükəsizliyi Layihələri üzrə Qrant Yardımı” (GGP) adlı sxem üçün maliyyə yardımı təklif etmişdir. Sözügedən layihələr yoxsulluğun aradan qaldırılması, sosial müdafiə, infrastruktur, ictimai səhiyyə və gəlirin artırılması sahələrində həyata keçirilmişdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Yaponiya Hökuməti Azərbaycan Respublikasında sosial-iqtisadi, eləcə də mədəniyyət və təhsil layihələrinin həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcəkdir.
Daha sonra Pirasora və Conu kənd həkim məntəqələri üçün yeni binaların açılışı oldu və tədbir iştirakçıları binalarda yaradılan şəraitlə tanış oldular.