Həmin məsələni müzakirə etmək üçün yığışmışıq

“Nazirlər Kabinetində, idarəetmə orqanlarında, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.


XALQ.AZ xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında belə deyib.

Spiker bildirib ki, hakim Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək, iclas çağırmasını xahiş edib:


“Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək, qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi” məsələsidir”.

***

Daha sonra Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciəti mətnini oxuyub.
Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.