“Həmişəki Rusiya!” – Elşən Musayevdən sərt yazı…

Qlobal siyasətin bir məziyyəti də budur: Böyük dövlətlər əksər hallarda dost olmağı bacarmırlar. Onların hətta düşmənçilik və açıq mübarizələr də daxil bütün münasibətlər çərçivəsi, eyni zamanda tərəfdaşlıq sistemləri heç bir qanunauyğunluğa tabe olmur, adekvat məntiqə söykənmir, ədalətli zəmin üzərindən vüsət almır. Sadəcə fürsət alır. Tarix boyunca öz coğrafi mövqeyindən bəhrələnən belələri daim koloniya axtarışındadırlar. Artıq “qurduğumuz oyunların üstü açılsa biabır olarıq”- kimi diskomfortları da yox. Açıq gedirlər. Üzdə oynayırlar. İmitasiya belə etmirlər. Qurduqları ssenarilərin Beynəlxalq hüququn ana prinsiplərinə, BMT-nin Nizamnaməsinə, hansısa Konvensiyanın müddəasına, bəzənsə hətta özlərinin düzüb-qoşduqları plagiat təşkilatların görsəl qayəsinə belə deyil, məhz hikkələrinə və xislətlərinə uyğunlaşdırılması da həmin dövlətlərin üzərində kompleks yaratmır. Onların ipinin üstünə odun etibar etmək təxminən Əli Kərimli və Sevinc cütlüyünün saxta mərsiyyələrinə inanaraq göz yaşı tökmək kimi bir şeydir. Üzdə, tədbirdə, banketdə, tort kəsilən yerdə qardaşdırlar, daldada isə baltaçı. Dağ kimi dura bilməsələr də, dərə kimi dayanırlar adamın arxasında.


Erməni caniləri Tovuz sərhədində bizlərə, dinc vətəndaşlarımıza qarşı təxribatlar törədərkən hakimiyyətdə olmayan Saakaşvili belə macal tapıb öz dövlətinə mesaj verdi ki, Azərbaycanın zaman-zaman Gürcüstana elədiyi yaxşılıqları unutmayın. KTMT-nin bərabər hüquqlu üzvləri belə – Qazaxıstan xaric – öz hərbi müttəfiqləri olan Ermənistanın havasına züy tutmadılar, Azərbaycanın haqq mücadiləsinə dolayı şəkildə dəstək verdilər, Pakistan ənənəvi sayğısını nümayiş etdirdi, Ərdoğan başda olmaqla bütün Türkiyə “Qarabağ” deyib yanımızda durdu, hətta müştərək hərbi təlimlərə start verdi.


Yaxşı, bəs Rusiya? O neylədi?


Rusiyanın məlum vəziyyətdə nəinki xəyanəti, hətta səssiz qalmağı belə qəbahət. Niyə? Çünki həmin Rusiya Azərbaycan tərəfdən tarix boyu yarımca addımlıq belə xəyanət görməyib. Heç bir dönəmdə. Mövcud Putin hakimiyyəti Qərbin qılıncının altında az qala xınçımlanarkən, yenə də bizlər qonşuluq siyasətinə xilaf çıxmamışıq. Beynəlxalq Təşkilatlarda, ələlxüsus da Avropa Şurasında Rusiyanın üzərinə hamı, hətta indi müdafiə etdiyi Ermənistan belə iri addımlarla, düşmən obrazında yürüyərkən, ən azından mənəvi dəyərləri düşünüb həmin “trend”ə qoşulmamışıq. Tam əksi, lazım olan məqamda əlimizdə əgər dəstək imkanı olubsa, onu belə vermişik, əsirgəməmişik. Üstəlik, Rusiya həm də ATƏT-in Minsk qrupunun üzvüdür. Təyinatı da budur ki, münaqişənin həlli və çözümü üçün çaba sərf etsin.


Yaxşı bəs bütün bu deyilənlərin qarşılığında gördüyümüz, müşahidə etdiklərimiz nədir?


Kartların açılımı. İlk müşahidə etdiyimiz budur. Daha dəqiqi, 2013-cü ildəki “kürəkdən zərbə” ssenarisi sanki yenidən təkrar olunur. Və hər kart açılımında anlaşılır ki, demə qarşılıqlı “qardaş” xitabı ilə münasibət formalaşdırdığımız dövlət əslində dayı nəvəsinin ögey bacanağının belə edə bilməyəcəyi pislikləri edir. Daha dəqiqi, elə ancaq Tovuz istiqamətində sərhədlərimiz pozularkən Rusiya üzərindən Ermənistana hələ bizim bildiyimiz 7 reyslə silah daşınıbmış. Üstəlik, ən müasir tipliləri. Və həmin silahlar bizim haqq uğrunda mücadilə aparan generalımıza, əsgərlərimizə, igidlərimizə tuşlanıb. Paşinyanı həm daxildəki böhrandan çıxarmaq üçün, həm də bizə məlum olan, fəqət burada yazılmasını məqbul hesab etmədiyim səbəb(lər)dən yüz variant düşünülüb. Təbii, Rusiya tərəfindən. Sağ olsun, Gürcüstan, bilmirəm Saakaşvilinin kövrək səslənişindənmi, yoxsa öz təşəbbüsündənmi, bu oyuna alət olmadı. Olsaydı silah daşıyıcıları həm məsafəyə, həm də yanacağa qənaət edəcəkmişlər. Amma bəzi əl buyruqları nə təəssüf ki, prosesə əl qoydular, öz “yardım”larını əsirgəmədilər, Rusiyanın “Fatı qalx və Fatı dur” əmrinə tabe oldular.
Ermənistan – siyasi və mənəvi əxlaqın deqradasiyaya uğradığı, elə ancaq son 3 ayda “Soros”un ətəyindən Putinin ovcuna qədər sürətli yol keçən + həmin yolu “yengə”siz dövr edən terror dövlətidir. Daha doğrusu, dövlət adında alətdir. O əslində hamınındır. Hamının qapazaltısıdır, palazıdır, məhrəbasıdır. Əxlaqsızlardan hər kəs istifadə edir, amma onlara sonuna qədər kimsə sahib çıxmır. İndi də yəqin Rusiyanın hansısa yaralı barmağına ya da təhdid yönünə faydalılığı var deyə, sərəncamdadır. Ayrıca, elə 2005-ci ildə Azərbaycandaca dəfn olunan Çin Şarpın “narıncı inlqilablar” fəlsəfəsinin də dadı güman ki, Sorosun damağında qalıb deyə Paşinyan adında siyasi rudimentdən müvəqqəti istifadə qərarı alıb. Və beləcə, Ermənistanın “qucaq gəzmə” dövriyyəsi ildırım sürətində olduğu üçün Paşinyan adında siyasi maket də hamının “qulluğunda” eyni anda durmağa macal tapıb. Amma bu yerdə Tağı müəllimin məşhur kəlamı yada düşür:”Bir-bir”.


Qucağa da bir-bir, bazara da, satılığa da.

İndi isə məlum aspektdə ən çox verilən, ya da cavabı asbtrakt formada düşünülən sual budur: Silah daşınmasına yardımçı olan dövlətlər – buraya İran, Türkmənistan və Qazaxıstan daxildir – “İL-76” təyyarəsində öz hava məkanları ilə Ermənistana nəyin ötürüldüyündən ümumiyyətlə xəbərdar olublarmı? Olublarsa pis. Olmayıblarsa daha pis. Ələlxüsus da, Türkmənistan və Qazaxıstanın mövqeyi məlum kontekstdə daha maraqlıdır. Çünki, İranın məsələsi aydındır və yeni söhbət deyil. Hərçənd yaddaşını yeniləməyə ehtiyac duymadan unutsa da ki, bir zamanlar Amerika da eyni mövqeyi İrana qarşı Azərbaycandan istəmişdi və rədd cavabı almışdı. Digərləri ilə bağlı tam aydınlıq isə diplomatik təhqiqatdan sonra məlum olacaq.


Və diplomatiya demişkən. Bu korpusun bizə aid cəbhəsində + ən kritik məqamlarda bütün verilən tapşırıqlar görəsən lazımınca icra olundumu? – Məlum xüsusatda öz mülahizələrimi çox təəssüf ki, tam təfsilatı ilə bölüşə bilməyəcəm. Çünki həssas məqamdır. Fəqət, tək bir şeyi dəqiq deyə bilərəm: Diasporamız bu mərhələdə XİN-i bəs-bəlli üstələdi. Bilmirəm, bunun səbəbi Məmmədyarovun bəzi kadrlarının da özü kimi evdən işləməsimi idi, yoxsa nə, amma gerçəkdən Fuad Muradov və onun rəhbərlik etdiyi Komitə sanki diplomatiyanın da yükünü bir müddət öz üzərinə götürmüş oldu. Və sözün gerçək anlamında mükəmməl işlədi. Bu komandanın qısa müddət ərzində sərgilədiyi faydalı fəaliyyət bir daha sübut etdi ki, diaspora əslində nə qədər əhəmiyyətli sahə imiş və ya bu işi əslində necə qurmaq olarmış. Dərindən. Köklü!



Biz hərtərəfli qalibik. Bizi bütün dünya dəstəkləyir. Biz düzük. Biz haqlıyıq. Aydın məsələdir ki, Ermənistanın bu gün nə təkbətək döyüşməyə, nə işğal etdiyi torpaqları əlində saxlamağa, nə də Rusiyadan özünün iddia etdiyi kimi nağd pulla silah almağa cürəti və gücü çatmaz. Onun rublla əldə etdiyi nisyələr hətta dilənçi payı da deyil, daha betərdir. Ermənistan quldur, nökərdir və hüzuruna hazır peşkəş edilən hər şeyin bədəli xalqın köləliyi ilə ödənir. Onun əsl yiyələri,bu dövlətin qeydiyyat şəhadətnaməsinin gerçək sahibləri hava marşrutu ilə 5 min kilometr yol qət edib silah daşımadığı, səngərə 40 yaşlı muzdluları göndərmədiyi, tərəfsiz qaldığı, “ATƏT”i “ATƏŞ” zənn etmədiyi gün Ermənistan bitəcək, geri çəkiləcək, diz çökəcək!


Həmin gun isə uzaqda deyil…


Elşən Musayev, Milli Məclisin deputatı.