Həmməruzəçiləri Milli Məclisdə olublar

 

Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan ilə bu qurum arasındakı münasibətlərin hər iki tərəf üçün vacib və əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə heyəti əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hazırdır.

S.Seyidov deyib ki, hazırda Avropa və dünya üçün mürəkkəb dövrdür. Qonşu ölkələrdə baş verən faciəvi hadisələr, terror aktları, Ermənistanın Azərbaycana qarşı təxribatları, ümumiyyətlə, regionda gedən proseslər bizi və Avropa Şurasını narahat edən məqamlardır. Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün həm öz sabitliyi, həm Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə regionda inkişafa mühüm töhfə verir.

Nümayəndə heyətinin rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında da danışıb. O vurğulayıb ki, Avropa Şurasının və BMT-nin qərarlarına, tövsiyələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak hər iki tərəfin səyləri nəticəsində münasibətlərdə mühüm addımların atıldığını bildirib.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə də görüşüblər.

Komitə sədrinin müavini Rövşən Rzayev görüşdə qeyd edib ki, AŞPA ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq inkişaf edir və bu, hər iki tərəfin marağında olan məsələdir. O, Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, bu inkişaf yolunda AŞPA ilə əməkdaşlıq, onun təcrübələrini daha dərindən mənimsəmək bizim üçün vacibdir.

Görüşdə ötən il sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə bağlı fikir mübadiləsi aparılıb.