Hərənin özünün həqiqəti olmur

Semsad

Kamyu deyirdi: “Var həqiqətlər, hərənin özününkü…”

Məncə, bu fikir kökündən yanlışdı. Hərənin özünün həqiqəti olmur, həqiqət bir cür olur, həm də dəyişməz. Amma onu hərə bir cür görür. Bu isə həqiqətin problemi deyil, Nəsiminin təbirincə desək, xudbin gözün “ağrı”sıdır.

Kamyunun dahiliyinə sözüm yox, çünki onun taruları bu günün də personajı olaraq diri, taunu isə daha qorxunc…

Fikrin izahına gəlincə, bu, sadəcə, bir yazıçı sözü və yaradıcı təxəyyülün məhsulundan başqa heç nə. Bir az da obrazlı desək, poetik sarsıntıdan qopan bədii-fəlsəfi uydurma.

Yəni dünyanı hər rəngdə görmək olar, amma məntiq birdir; iki rəng var: ağ və qara – qalanları törəmədir. İzaha ehtiyac yoxdur: həqiqət tək və rəngsiz olur…

Azərbaycanın media məkanında yaşananlar da iki rəngin savaşının təzahürüdür: Ağ və qaranın. Bu rənglər paradoksal və ziddiyyətli olduğundan bu antonimlikdə də iki münasibət mövcuddur: nifrət və yenə də nifrət. “Sevgi-sayğı” cəfəngiyyatları isə yalnız maddi, terminoloji ifadə etsək, merkantil düşüncəyə köklənmiş…

Bəs doğrudan, ağrıdıcı nədir? Bu kiçik dünyanın sakinlərini vampirə çevirən nə?

Səbəb sadədir. Onları bir-birinə saldırmağa bir işarə bəhs edir, qaranlıq – qara və yenə qara… Onlar üçün günəşin doğuşu əhəmiyyətsizdir və heç günəşi sevmirlər də… İşıq gələn yox, it hürən tərəfə qaçırlar, məhz it hürən…

Bu gün mediada barmaqla sayılası insanlar var ki, nə qədər çətin və ağır olsa da, öz sənətini əmələ çevirmək üçün savaşırlar, tərəfsiz, qərəzsiz. Amma onlar çox azdır, lap çox az. Bir şey də var ki, bütün çoxluq bu azlığa məğlubdur. Gerçəklik budur ki, çoxluğun daxili azadlığı, cəsarəti olmadığı üçün kütləyə çevrilir. Kütlə isə ağılın yox, qarının köləsi olur. Ta Nuh əyyamından indiyədək tarixi gerçəklik budur.

Bu ölkədə görmədiyimiz nə qaldı ki? Bunun məmuru da, ziyalısı da, mütrübü də, dindarı da, allahsızı da, yazarı da, pozarı da, şair-şürü də (təbii ki, istisnalar var) ağlının yox, qarnının köləsidir. Bəli, bəli, qarnının qulu, yəni qarınqulu…

Uşaqkən oxuduğumuz kitablardan belə qənaətə gəlirdik ki, yazarlar bir az azad olur. Amma sonradan gördük ki, bütün bunlar ancaq kitablarda yazılıb və dünyanın vəhşi qanunlarının kitab-mitaba dəxli yoxmuş. Çağdaş Azərbaycan yazarının isə nə oxunacaq sözü, nə də söz deyiləcək üzü və sifəti var… Məddahlıq, yaltaqlıq elə bil həyat kredosuna çevrilib. İngilis mütəfəkkiri Devid Yumun sözləri ilə desək, belələri – xeyirxahlığı – riyakarlıq, dostluğu – aldatma, vəfanı – biclik hesab edənlər “korlanmış qəlblər”dir…

Söhbət cəsarətdən düşmüşkən, bir tarixi faktla buna nöqtə qoyum: Şərqin ən böyük şairi Nizami idi. Onun da daxili azadlığı və cəsarəti yox idi. Bir Həmdünyan adlı kəndə görə istedadını köləyə çevirmişdi.

Şirvanşah Axistanın bir əmri ilə nə qədər “beyninə qan vurdu”sa da, “dili, dodağı əsdi”sə də, yenə də “Leyli və Məcnunu” onun istədiyi kimi yazdı, məhz onun istədiyi kimi. Günahı isə hələ yenicə yaşamağa başlayan oğlu Məhəmmədin üstünə atdı. Özünü sığortalayıb tarixdən bəraət almağa, bir gənci, gəncliyi isə əbədi köləliyə doğru yönəltməyə çalışdı.

Kifayət etmirmi bu fakt?

Yazının bu yerində biri – istəyərəkdən, ya da istəməyərəkdən – deyə bilmərəm, bu sayaq bir “xəbər” göndərdi ki, bəs özünü gözlə, filan…

Maraqlıdır, kimdən, nədən və niyə?

“Muzdlu tərəfdaşlar”danmı?

Yoxsa onların yiyələrindən?

Bunu da növbəti yazılarımda oxuyacaqsınız. Əgər o vaxta qədər onların özlərini aparıb Platonovun “Çuxur”una tökməsələr…