“Hər bir şəhid bizim övladımızdır”

Prezident İlham Əliyev: “Ordumuzda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz İbrahimov kimi övladlarımızın qəhrəmanlığı ilə əlaqədardır”

Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfəri çərçivəsində Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. Açılışdan sonra rayon ictimaiyyəti qarşısında çıxış edən dövlət başçısı ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi istiqamətində görülən işlərdən, sosial-iqtisadi inkişafdan geniş söhbət açıb. Azərbaycanda ordu quruculuğu ilə bağlı məsələlərin öz həllini tapmasına diqqət çəkən Prezident İlham Əliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasında olduğunu vurğulayıb.
O, iyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradların ölkəmizin gücünü, qüdrətini göstərdiyini dilə gətirib. Bildirib ki, ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir. Dövlət başçısı onu dinləyən insanlar arasında Milli Qəhrəman Mübariz İbrahimovun atasının da iştirak etdiyini xatırladıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Qəhrəman atasına xüsusi minnətdarlığını bildirib: “Ağakərim İbrahimova xüsusi minnətdarlıq edirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb. O bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı ilə əlaqədardır”.
Prezident İlham Əliyevin bu davranışı Azərbaycan dövlətinin, ölkə rəhbərinin Milli Qəhrəmanlarımıza, şəhidlərimizə, həmçinin onların ailələrinə göstərilən diqqət və qayğının, hörmətin daha bir sübutudur. O, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimova xüsusi minnətdarlıq edərək, tədbirdən sonra da onunla söhbətləşərək, Vətən yolunda canını fəda edənlərə, Vətən sevgisi ilə yaşayanlara rəğbətini nümayiş etdirib. Bununla da dövlət başçısı öz şəxsində şəhid ailəsinə necə münasibət göstərilməsini hər kəsə, o cümlədən məmurlara göstərib.
Azərbaycan xalqına və dövlətinə, Vətəninə sonsuz hisslərlə bağlı olan, sədaqətlə xidmət edən, dəfələrlə qeyd etdiyi kimi, özünü xalqının bir nömrəli qulluqçusu hesab edən Prezident İlham Əliyev bu davranışı ilə növbəti dəfə şəxsi kimliyini, xarakterini büruzə verib. Şəhid atasına, Milli Qəhrəman valideyninə rəğbətlə yanaşan, doğma övladı Heydər Əliyevi Vətənə borcunu vermək üçün hərbi xidmətə yola salan Prezident İlham Əliyev bu kimi çoxsaylı nümunələrlə xalqının əbədi sevgisini qazanıb.
Mövzu ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədovdeyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların ailə üzvlərinə, qəhrəmanlara, müharibə əlillərinə olan diqqət və qayğının bünövrəsi ümummilli lider Heydər Əliyevin zamanında qoyulub. Millət vəkilinin sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: “Cənab Prezident yalnız Milli Qəhrəman Mübariz İbrahimovun deyil, bütün qəhrəmanların, döyüşçülərin ailə üzvlərinə, şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşıb, onlar barəsində şərəfli, yüksək fikirlər söyləyib. Bu, Azərbaycanda vətənpərvərliyin, Vətənə, xalqa, millətə olan sevginin daha da artmasına səbəb olur. Belə hərəkətləri ilə Prezident İlham Əliyev bütün Azərbaycan xalqına bildirir ki, torpaqlarımız uğrunda döyüşənlər, əlillik dərəcəsi alanlar, bu yolda həlak olanlar, şəhidlik zirvəsinə ucalanlar bizim üçün daim əzizdir. Dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların yanındadır, onların qayğısına qalır. Bu, xalqımızda, o cümlədən ordumuzda, hərbçilərimiz arasında mənəvi-psixoloji vəziyyəti bir qədər də yaxşılaşdırır, döyüş ruhunu artırır”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda xüsusi təbəqə hesab edilən şəhid ailələrinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edib. Millət vəkilinin fikrincə, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar təkcə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli ilə bağlı deyil, eyni zamanda, ölkəmizdə vətənpərvərliyin, mənəvi dəyərlərin yüksəlməsi, həmçinin hazırda sərhədlərimizi müdafiə edən əsgərlərimiz və onların yaxınlarının əhval-ruhiyyəsinin artırılması baxımından da olduqca əhəmiyyətlidir: “Ölkəmizdə Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, daim xalq, cəmiyyət tərəfindən razılıqla qarşılanıb. Hazırda da Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı göz qabağındadır. Qısa bir zamanda onların mənzil-məişət, məşğulluq problemlərinin həlli ilə bağlı atılan addımlar xalqımız tərəfindən yüksək dəyərləndirilib. Ölkə başçısı İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı Milli Qəhrəman Mübariz İbrahimovun atası ilə görüşdə söylədiyi fikirlər isə dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. “Hər bir şəhid bizim övladımızdır” – deyən Prezident İlham Əliyevin şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına olan münasibəti cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da yüksəlməsində mühüm rol oynayır”.
Orxan