“Hər birimiz diqqətli olmalı və çağırışlara əməl etməliyik”

“Əhalimizi panikaya düşməməyə, yalnız Operativ Qərargahın verdiyi məlumatları dinləməyə səsləyirəm”.

XALQ.AZ xəbər verir ki,Bunu açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, ilk dəfə Çinin Uhan şəhərində qeydə alınmış bu xəstəlik virusa yoluxmuş insanın öskürməsi və yaxud  asqırması zamanı ətrafa yayılan tənəffüs damcıları vasitəsilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür: “Koronavirusun yoluxma sürətinin insanlar arasında yüksək olmasına baxmayaraq, adi gigiyenik tələblərə və sosial izolyasiya tədbirlərinə riayət etməklə bu virusla uğurla mübarizə aparmaq olar. Məhz bu səbəbdəndir ki, biz həkimlər mütəmadi olaraq əhalimizə maskadan istifadə etmənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin eləcə də sosial məsafəni qorumanın vacibliyi barədə mütəmadi olaraq məlumatlandırma aparırıq. Danılmaz faktdır ki, hazırda bütün dünya koronovirusla məhz bu məsələləri ön plana çəkməklə mübarizə aparır. Məhz bu səbəbdən də bizim ölkəmizdə də karantin qaydalarına riayət edilməsi çox vacibdir. Buna görə də əhalimizi bir qədər səbrli davranaraq karantin şərtlərinə əməl etməyə səsləyirəm. Digər tərəfdən, virusun yoluxuculuq qabiliyyətinin yüksək olması karantin qaydalarına riayət edilmədiyi təqdirdə anidən çoxsaylı insanın yoluxmasına səbəb ola bilər. Buna görə də əhalimizin sağlamlığı dövlətimiz üçün prioritet məsələ olduğundan karantindən çıxış üçün də mərhələli plan hazırlanır. Bu məsələdə hər birimiz diqqətli olmalı və çağırışlara  əməl etməliyik. Hazırda Azərbaycan koronovirusla mübarizə sahəsində örnək göstərilən ölkələrdən biridir. Təbii ki, bu uğurda cənab Prezidentimiz başda olmaqla millət olaraq hər birimizin payı var. Bu baxımdan mövcud ola biləcək risklərin qarşısını almaq və bu uğurun davam etməsini təmin etmək üçün karantin şərtlərinə ciddi şəkildə riayət etməliyik”.

Millət vəkili qeyd edib ki, karantin qaydalarının yumşalmasından sonra da əhali əvvəlki kimi qaydalara əməl etməlidir: “Əlbəttə bu, ilk növbədə, fərdi məsuliyyətimiz və bir vətəndaş olaraq ölkəmizə qarşı borcumuzdur. Çünki yoluxma sürətinin azalması üçün hər birimiz bu qaydalara əməl etməyə borcluyuq. İlk növbədə, sosial məsuliyyət məsələsi təbii ki, vacibdir. Maksimum maarifləndirmə işləri davam etdirilməli, təbliğat-təşviqat kampaniyaları vasitəsilə insanlar məlumatlandırılmalıdırlar. Digər tərəfdən, nəzarət tədbirlərinin davam etdirilməsi insanların karantinin yumşaldılmasından sonrakı müddətdə də qaydalara riayət etməsinə dəstək ola bilər. Bu baxımdan inanıram ki, müxtəlif dövlət qurumlarının əlaqəli çalışması, eyni zamanda vətəndaş-dövlət birliyimizin davam etməsi bu dövrdən üzüağ çıxmağımıza səbəb olacaq”.

R. Mahmudov nəzərə çatdırıb ki, koronavirus pandemiyasının ikinci dalğasının yayılma təhlükəsinin davam etdiyi halda karantin qaydalarının yenidən sərtləşdirilməsi mümkündür: “Bu məsələ ilə bağlı müzakirələr davam etdirilməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki vəziyyəti təhlil edərək ən uyğun versiyaları qiymətləndirərək seçim edir. Bu baxımdan qarşıdakı günlərin böyük əhəmiyyəti var. Karantin qaydalarına, sosial izolyasiya tədbirlərinə, eləcə də gigiyenik tələblərə riayət etməyimiz bu dövr üçün ən yaxşı virusdan qorunma üsulumuz ola bilər. Buna görə də əhalimizin bu dövrdə tələblərə uyğun davranması bu prosesdə bizə dəstək üçün çox vacibdir. Qarşıdakı günlərdə virusun yayılma göstəricilərinə əsasən müzakirələr həyata keçirilərək bu məsələ ilə bağlı qərar verildiyi təqdirdə ictimaiyyətlə paylaşılacaq”.