“Hər hansı yanlış yanaşmanın təkrarlanmasına yol verilməyəcək”

“Dövlət başçısının apardığı islahatlar nəticəsində məcburi köçkünlərlə iş sahəsində uçot və nəzarətin, ədalət və şəffaflıq prinsiplərinin tam bərqərar edilməsinə yönəldilib.  Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə, həyat üçün təhlükəli olan, qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda isə Qaradağ rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə başlanılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 24-də keçirilən növbəti kollegiya iclasında danışılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minədək  vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlət başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcək.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artrılması üzrə Dövlət Proqramında və Dövlət Proqramına  Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası sahəsində  2018-ci ildə görülmüş işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, büdcə vəsaiti və investisiya xərcləri hesabına aparılan təmir-tikinti işləri, insan resurslarının idarə edilməsi və digər məsələlər müzakirə olunub, Dövlət Komitəsi kollegiyasının 2019-cu il üçün iş planı təsdiqlənib.

Gündəlikdəki məsələlər barədə müvafiq strukturların rəhbərlərinin məruzələri dinlənilib, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin gedişi, məcburi köçkünlərlə işin konkret istiqamətləri üzrə mövcud vəziyyət ətraflı təhlil edilib, həlli vacib məsələlərin əhatəsi bir daha dəqiqləşdirilib, aidiyyəti bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin məsuliyyətinin artırılması üçün ciddi tapşrıqlar verilib.

 

Orxan