Hərbi hissədə məktəblilər üçün yarış təşkil olunub

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində praktiki məşğələyə cəlb olunan Kəngərli rayon məktəbliləri təlim atış çalışması üzrə yarışıblar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi hissənin təlim şəhərciyində təşkil olunan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin, rayonun təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin nümayəndələri çıxış edərək praktiki məşğələnin əhəmiyyətindən danışıblar. Hərbi hissənin zabitləri yarışın mahiyyəti və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər.
Məşğələ zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı və silahla davranış qaydaları öyrədilib.


Yeddi məktəbdən 35 şagirdin iştirak etdiyi yarışda məktəblilər avtomatdan praktiki atışlar yerinə yetiriblər.


Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerə Böyükdüz kənd orta məktəbin, 2-ci yerə Qıvraq qəsəbə orta məktəbin, 3-cü yerə isə Xok kənd orta məktəbin komandası layiq görülüb.


Fərdi hesabda 1-ci yerin qalibi qızlar arasında Böyükdüz kənd orta məktəbin şagirdi Aysel Məmmədova, oğlanlar arasında Qarabağlar kənd 1 nömrəli orta məktəbin şagirdi Əli Əsədov olub.
Qaliblərə diplom və kuboklar təqdim edilib.