Hərbi vəziyyətin elan olunması ilə bağlı qərar qəbul edildi

Milli Məclisdəki müzakirələrdən sonra ölkədə hərbi vəziyyət elan edilməsi ilə bağlı sənəd qəbul olunub. 

Hərbi vəziyyətlə əlaqədar bu gecə 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatı elan olunur.

XALQ.AZ bildiri ki, komendant saatı — hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsidir.

Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanununa görə, komendant saatının tətbiqi, vətəndaşların xüsusi icazə vərəqələri olmadan günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsidir. Qanunun 13-cü maddəsinə görə, fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını həyata keçirmək məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən komendant təyin olunur.

Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı səlahiyyətləri daxilində fövqəladə vəziyyətin təmin olunması məsələlərinə aid olan və müvafiq ərazidə məcburi olan əmr və sərəncamlar verir, komendant saatının vaxtı və qüvvədə olma müddətini müəyyən edir. Eyni zamanda fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini komendant müəyyən edir.

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanları öz səlahiyyətləri daxilində fövqəladə vəziyyət rejiminin təmin olunması məsələlərinə dair icra olunması məcburi sayılan əmr və sərəncamlar vermək hüququna malikdir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşayan şəxslər həmin ərazidə yaradılan xüsusi idarəetmə orqanlarına hərtərəfli kömək göstərməli və fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məsələlərinə dair verilən əmr və sərəncamları yerinə yetirməlidirlər.

Qanunun 8.0.21-ci maddəsinə əsasən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında əməyə görə ödəniş verilir.

Qeyd edək ki, komendant saatı tətbiq olunarsa, bu qaydanı pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilir. Xüsusi icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında vətəndaş cərimə və ya həbs oluna bilər.

Fövqəladə vəziyyət haqqında qanunun 25-ci maddəsinə görə, ərazidə insanların, heyvanların və bitkilərin təhlükəli yoluxucu xəstəliklərə tutulmaq təhlükəsi ilə üzləşməsi nəticəsində karantin tətbiq olunduğu halda həmin ərazidən çıxarılmalı olan şəxslər nəzarət müddəti bitənədək ümumi əsaslarla saxlanılırlar.

Qeyd edək ki, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər