Hacı Şahin “Qaloş piri”ndən danışdı (VİDEO)

Bizim dinimizdə belə xurafat şeylər yoxdur, bu, sadəcə, fırıldaqçıların din üzərindən uydurduğu yalanlardır.

Bu barədə XALQ.AZ-a  Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli sosial şəbəkələrdə yayılan və şərti olaraq “Qaloş piri” adlandırılan görüntülərlə bağlı danışarkən deyib. O bildirib ki, insanlarımızın belə fırıldaqçıların tələsinə düşməməsi üçün QMİ müxtəlif maarifləndirici tədbirlər görür:

“Azərbaycanda ziyarətgahların olması tarixi bir şeydir. Ölkəmizdə tarixən müxtəlif dinlər, inanc yerləri mövcud olub. Bu, bizim xalqın övliyalara və Allaha yaxın insanlara sevgisinin, hörmətinin əlamətidir. İnsanlar belə yerlərə gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Amma bu formada xurafatlığa yol vermək dinimizə ziddir. Bunların dinlə, sağlam məntiqlə heç bir əlaqəsi yoxdur. Bizim dinimiz xurafata qarşı olan bir dindir”.

Din xadimi QMİ-nin belə xurafat əməl edənlərlə bağlı silsilə tədbirlərin gördüyünü bildirib:

“Bakıda və bölgələrdə bununla bağlı müxtəlif görüşlər təşkil edilir. Bu görüşlərin də əsas məqsədi ondan ibarətdir ki, insanlar belə xurafat əməllərdən çəkinsinlər və bəzi fırıldağçıların toruna düşməsinlər”.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə Modern.az-a bildirib ki, videoda görünən qaloş deyil, seyid papağıdır. Bununla “şəfa verən” əşyanın “seyid qaloşu” deyil, “seyid papağı” olduğunu bildirib və “şəkk etməməmyi” məsləhət görüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küyə səbəb olub. İnsanların şəfa tapmaq üçün sellofana bükülmüş qaloşu başlarına sürtməsi gülüşlə və rişxəndlə qarşılanıb. İddiaya görə, bu qaloş Seyid Miribiş Ağaya məxsusdur.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov bildirib ki, Seyid Miribiş Ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açır. O görüntülər də ildönümündə çəkilib.

Video sosial şəbəkədə yayılandan sonra ocağı bəzi istifadəçilər və media “Qaloş piri” deyə məsxərəyə də qoyub.

Yeganə