Hadı Rəcəbli 8 kəndin seçicisini bir araya topladı

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd  Hadi Rəcəblinin silsilə görüşləri davam edir.

XALQ.AZ xəbər verir ki, bu gün rayonun Təngivan, Qrumba, Mollakənd, Narbağı, Şovu, Rvo, Siyablı, Veravul kəndlərindən 550-dən çox seçici Girdəni kəndində yerləşən iclas zalında yığılıblar.

İclasın başlamasına 10 dəqiqə qalmış Hadi Rəcəbli  zala daxil oldu. Zala toplaşmış insanlar  hamısı ayağa qalxıb onu alqışladılar. Vaxtdan səmərəli istifadə edən deputatlığa namizəd  ayrı-ayrı qrup  insanlarla səmimi  söhbət etdi, iclasa qatılmaq üçün gələnlərin  ayrılıqda problemlərini dinlədi.

İclas başladıqdan öncə Hadi Rəcəbli haqqında qısa metrajlı 9 dəqiqəlik film göstərildi.

Aparıcı namizədin  tərcümeyi halından  yığcam söhbət açdıqdan sonra  ilk söz rayonda tanınmış kənd təsərrüfatı mütəxəssisi , kolxoz-savxoz işində  uzun müddət rəhbər vəzifələrdə çalışmış, rayon ağsaqqallar şurasının üzvü Şahrza Dövlətova verildi.

Şahrza Dövlətov Hadi müəllimi 1971-ci ildən  komsomolda işlədiyi dövrdən yaxşı tanıdığını söylədi.O, namizədin çalışdığı bütün vəzifələrdə kəndinə, torpağına, Lənkəranına bağlı olduğunu tutarlı şəkildə çatdırdı. O qeyd etdi ki, Hadi müəllimin qapısı Lənkəranda, Şəkidə, Bakıda həmişə açıq olmuş, öz xalqına dayaq olmuş, camaatın problemlərini həll olunmasında əlindən gələni əsirgəmişdir.

Ağsaqqalın çıxışından sonra Hadi Rəcəblinin 2003-cü il avqust ayının 3-də Ulu öndər Heydər Əliyev dühasının təqdimatı ilə  İlham Əliyev cənablarının baş nazir postuna tövsiyyə edilməsi ilə bağlı Milli Məclisin növbədənkənar çox az deputatların çıxış etdiyi iclasda Hadi Rəcəblinin fikirlərini iclas iştirakçılarına video görüntülər şəklində çatdırıldı.

Hadi Rəcəblinin İlham Əliyev cənabları haqqında səsləndirdiyi bu gün də öz aktuallığını itirməyən ali fikirlər iclas iştirakçıları tərəfindən alqışlandı.

Sonra söz deputatlığa namizəd  Hadi Rəcəbliyə verildi. O son görülən işlər barədə qısa və ətraflı məlumat verdi. İclas zalında bir sıra YAP üzvləri  Hadi Rəcəblinin gördüyü çoxsaylı işləri replikalarla iclas iştirakçılarına çatdırdılar. Belə olan təqdirdə aparıcı növbəti video görüntüləri seçicilərlə paylaşdı.

Deputatlığa namizədin  doğulduğu Verəvul kəndinin nümayəndələri bir daha vurğuladılar ki, onlar həmkəndliləri ilə iftixar hiss keçirirlər.

Növbəti sözü zalda oturmuş, Qarabağ veteranları və şəhidləri qeyri-hökümət təşkilatının sədri Heydər Hüseynov istədi.

O qeyd etdi ki, Hadi Rəcəbli Qarabağ veteranlarına, əlillərinə, şəhidlərinə ürəyi yanan, onların qayğıları ilə yaşayan nadir deputatlardandır. Nə edəsən ki, o gördüyü işləri yaymır və bizdən də bu barədə danışmamağı xahiş edir. Ancaq mən bir neçə gündür ki,bu iclasların gedişatının qrafikini əldə etmişəm və Bakıdan 2 gün əvvəl  ordudan tərxis olunmuş oğlumla gəlmişəm.

Təxminən bir ay öncə birinin müraciətinə görə iki oğlunu şəhid verən 1 oğlunu isə xəstəlikdən itirən bir ananın yeganə nəvəsinin toyunun təşkilini Hadi müəllim etmişdi. Mən  fürsətdən istifadə edərək tanımadığı qadına qarşı belə bir xeyrixah addım atan Hadi Rəcəbliyə layiqli deputatımıza səs verməyə çağırıram.

Sonra Hadi Rəcəbli özünün seçki qabağı platformasını seçiciləri ilə bölüşdü. Onun fikirlərinin hamısı alqışlarla qarşılandı.

Yekunda aparıcının 9 fevral parlament seçkilərində kimə səs verəcəksiniz sualına bütün zal ayağa qalxıb Hadi Rəcəbliyə, Hadi Rəcəbliyə! – deyərək alqışladılar.

XALQ.AZ