Hadi Rəcəbli Lənkəranda keçirilən konfransda iştirak edib

Milli Məclisin Əmək və Sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Gənclərin dayanaqlı inkişaf məqsədləri” mövzusunda tədbirdə iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbiri İqtisadiyyat Nazirliyinin dayanaqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov açaraq məsələnin məram və məqsədi barədə məlumat verib. Sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov giriş sözü söyləyərək tədbir iştirakçılarını salamlamış və gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı görülən işlər barədə çıxış ediblər. İcra başçısı çıxışında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə geniş məlumat verərək bu inkişaf fonunda gənclərin dayanıqlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirləri qeyd etmiş, rayonun ictimai, siyasi, mədəni və təsərrüfat həyatında gənclərin yaxından iştirakına lazımi şəraitin yaradıldığını, gənclərə etimad göstərilərək onların idarəetmə sistemində irəli çəkildiyini, sahibkarlıq fəaliyyətlərinə daim dəstəyin verildiyini diqqətə çatdırıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında qeyd edib ki, “Gündəlik-2030”-dan irəli gələn öhdəliklərin milli səviyyədə yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Baş nazirin müavini, Əli Əhmədovun rəhbərliyi ilə aidiyyati dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrindən ibarət Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb, milli səviyyədə Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq hesabatlılıq mexanizmi müəyyən edilib, aidiyyəti dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.

Sonra tədbirdə Milli Məclisin Əmək və sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmaqın, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanovun iştirakı ilə dayanıqlı inkişaf barədə müzakirələr keçirilib. Müzakirələrdə əsas hədəf BMT sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ölkədə görülən işlər və qarşıda duran vəzifələr olmuşdur. Tədbirin sonunda müzakirə olunan məsələ ilə bağlı suallar cavablandırılıb.