“Hakimiyyət və Şəxsiyyət” adlı tədbir keçirilib FOTO

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin Qırğızıstandakı səfirliyi və bu ölkənin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” adlı “dəyirmi masa” keçirilib.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı Səfirliyindən verilən məlumta görə, tədbirdə xarici ölkələrin Qırğızıstandakı səfirləri, ictimai-siyasi xadimlər, Akademiyanın rəhbərliyi və professor-müəllim heyəti, magistrlər, tələbələr, Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Akademiyanın foyesində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən foto və kitab sərgiləri ilə tanış olublar.

Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirildikdən sonra DİA-nın rektoru Almaz Nasırov rəhbərlik etdiyi akademiyada belə mühüm konfransın keçirilməsindən məmnun olduğunu, dünya miqyaslı dövlət xadimi və siyasi xadim Heydər Əliyevin hələ sağlığında əlçatmaz bir zirvəyə yüksəldiyini və onun siyasi irsinin Azərbaycan tarixində dərin iz buraxdığını vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovla telekörpü yaradılıb və o, müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində, dünya səviyyəsində tanınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Rusiyanın Qırğızıstandakı səfiri Andrey Krutko Heydər Əliyevin keçmiş SSRİ dövründə Azərbaycanda və Moskvadakı fəaliyyəti haqqında söhbət açıb və böyük liderlə görüşləri ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ölkələrimizin birgə keçmişinin şanlı səhifələri Heydər Əliyevin adı ilə bağlıdır.

Türkiyənin Qırğızıstandakı səfiri Cengiz Kamil Fırat bildirib ki, türk dünyası böyük ümummilli lider Heydər Əliyev ilə qürur duyur və onu dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul edir.

Qazaxıstan səfiri Karim Kokrekbayev deyib ki, Azərbaycan Prezidenti olarkən Heydər Əliyevin təşəbbüsü ilə beş türkdilli ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərlərinin Bakıda keçirilən sammitində “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Həmçinin bildirib ki, Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri ölkə başçılarının dostluğu ilə möhkəmlənib.

Qırğızıstan Milli Universitetinin rektoru Kanat Sadıkov qeyd edib ki, Ümummilli Liderdə rasionalizm və hikmət, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluq kimi xüsusiyyətlər cəmləşmişdi. Heydər Əliyev ölkənin bütün gələcək liderləri üçün nümunədir və onun şəxsiyyətinin miqyası o qədər böyükdür ki, Azərbaycan məhz ona görə tanınıb.

DİA-nın müəllimi, iqtisad elmləri namizədi Masura Kitayeva “Heydər Əliyevin irsi”, texniki elmlər namizədi Asılbek Bolotvayev “Heydər Əliyev dövlət xadimi kimi”, tarix elmləri doktoru Aydarbek Koçkunov “Azərbaycan və Qırğızıstanın mədəni və humanitar əlaqələri”, tələbə Şakina Kadırova “Qırğızıstan ilə Azərbaycan gənclərinin qarşılıqlı əlaqəsi” mövzularında məruzələr ediblər.

Böyük Vətən müharibəsinin veteranı, Qırğızıstanın Əməkdar İnşaatçısı Əsəd Həsənov Ulu Öndərlə görüşlərindən danışıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, Heydər Əliyevin idarəetmə fəlsəfəsinin istiqaməti milli şüuru yüksəldən inkişafa və milli qurur hissinin güclənməsinə yönəlmişdir. Eyni zamanda, onun təşəbbüsü ilə hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili dövlət dili statusunu almışdı. Diplomat Heydər Əliyevin Sovet Azərbaycanında fəaliyyətinin digər istiqamətlərindən də danışıb. Bildirilib ki, onun yorulmaz fəaliyyətinin nəticəsi həmin dövrün dünyanın ən güclü superdövlətlərindən biri olan SSRİ-nin yüksək hakimiyyət eşalonunda yerini tutması idi və oradakı fəaliyyətində azərbaycanlı lider nəhəng ölkə miqyasında ən vacib islahatları həyata keçirirdi. Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında səfir deyib: “Hər bir azərbaycanlı onunla razıdır ki, Ümummilli Lider olmasaydı çağdaş Azərbaycan da olmayacaqdı”. Eyni zamanda, səfir Heydər Əliyevin misilsiz daxili və xarici siyasətini Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Sonda Hidayət Orucov DİA-ya bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Elgün