Hansı diplomatlar güzəştlərdən sui-istifadə edir

Bəzi diplomatik xidmət əməkdaşları onlara edilən güzəştlərdən sui-istifadə edirdilər, buna görə də diplomatik korpus nümayəndələrinin də ölkəyə mal gətirməsi qaydalarına da müəyyən dəyişikliklər edilib.

XALQ.AZ xəbər verir ki,bu barədə “İTV”-nin efirində yayımlanan “Diqqət mərkəzi” verilişində çıxış edən Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov məlumat verib.

O bildirib ki, qanunvericiliyə müvafiq olaraq, diplomatik xidmət əməkdaşları gətirdikləri əmlaka görə Nazirlər Kabinetinin qərarına əsasən rüsumlarından azaddırlar:

“Bəzən bu güzəştlərdən çox sui-istifadə edilirdi. Bununla bağlı əlimizdə kifayət qədər faktlar var. Təsəvvür edin ki, diplomat çox az bir müddətdə yanında çalışan işçinin adına böyük məbləğdə gömrük və vergi rüsumu olan mal gətirilib. Qanunvericiliklə bu tənzimlənir, biz onlara heç nə deyə bilmirdik. Amma necə olur ki, həmin avtonəqliyyat vasitəsi gəldiyindən günün sabahı satılır.

Rəsmiləşmə prosesindən hər şey aydın olur, artıq burada başqa məqam yoxdur, niyyət bəllidir. Bu səbəbdən bütün bu məqamlar tənzimlənəcək. Qaydalara görə, diplomatik şəxs güzəştlərdən istifadə etmək üçün ən azı 2 il bu postda çalışmalıdır. Ölkəyə gələndə nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi barədə sənədi, geri çağırılma barədə əmrin surətini Gömrük orqanına təqdim edərək, 40 min ABŞ dollar dəyərində nəqliyyat vasitəsini rüsumsuz ölkəyə gətirə bilər. O şərtlə ki, bu nəqliyyat vasitəsi bir il müddətinə özgələşdirilməsin (satılmasın). Bununla bağlı bizə iradlar tutulurdu ki, hüquqlar məhdudlaşdırılır, necə olur adam bir il avtomobili sata bilmir. Qərarda dəyişiklik edərək, şəxsə bir il müddətində nəqliyyat vasitəsini özgələşdirməyə imkan verdik. Amma o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi və gömrük rüsumu ödənildikdən sonra”.