Heç bir zaman unudulmayacaq tarixi şəxsiyyətlərimiz – YUBİLEY YAZISI

Hər bir dövrün öz dahiləri, öz fenomenləri olur. Onlar təkcə özləri üçün yaşamırlar, bütöv bir xalq, bütöv bir  cəmiyyət üçün doğulurlar. Məhz elə bu səbəbdəndir ki, onlara milli sərvət kimi baxılır və əbədi olaraq qəlblərdə yaşayırlar.
XALQ.AZ Azər Niftiyevin təqdimatında yaşadığımız 2018-ci ildə yubiley yaşları olan dahilərimizi xatırlayıb.

 

Azərbaycan müstəqilliyinin memarı…
Bu il 95 illik yubileyi qeyd edilən Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə anadan olub.
Dövlət təhlükəsizlik orqanlarında 25 il çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsinə layiq görülüb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək, 1982-ci ilə qədər ölkəmizə rəhbərlik edib.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilərək, Sovet İttifaqının rəhbərlərindən biri olub.
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, elə həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında Gəncə şəhərində o zamankı iqtidara qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə 80 yaşında vəfat edib. Azərbaycan müstəqqilliyinin memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq.

 

Qaranlığa qalib gələn alim…

 

Bu il 95 illik yubileyi qeyd edilən görkəmli akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə anadan olub.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə qiymətli tədqiqatlar aparıb.
İstedadlı alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib. 15 aprel 1985-ci ildə 61 yaşında vəfat edib.

Söz sənətkarlığı zirvəsinin fatehi..

 

Bu il 110 illik yubileyi qeyd edilən görkəmli yazıçı Mircəlal Paşayev 26 aprel 1908-ci ildə anadan olub. 10 yaşında atasını itirən Mircəlal Paşayev böyük qardaşının himayəsində böyüyüb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. Gəncə şəhər 1 saylı məktəbində direktor işləyib. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alıb. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. “Kommunist”, “Gənc işçi” qəzetlərində işləyib. İlk kitabı “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxıb.
Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib. “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Professor Mircəlal Paşayevin yüzlərlə ədəbi əsəri bugün də sevə-sevə mütaliə olunur, gənclərin milli ruhda böyüməsinə öz tövhəsini verir. 28 sentyabr 1978-cü ildə 70 yaşında vəfat edib.
Filmləri toxuyan Rasim Ocaqov…

 

 

 

Bu il 85 illik yubileyi qeyd edilən görkəmli kinorejissor Rasim Ocaqov 1933-cü il noyabrın 22-də anadan olub.
1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alan kinorejissor ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Ötən əsrin 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub.
Üzərindən uzun illər ötməsinə baxmayaraq, bugün də milyonlarla insanın sevə-sevə izlədiyi, bu filmlərdəki epizodlardan vaxtaşırı sitatlar gətirdiyi “Tütək Səsi”, “Ölsəm bağışla”, “Otel otağı”, “Ad günü”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və s. filmlərin rejissoru məhz Rasim Ocaqovdur. Azərbaycan Respublikasının xalq artisti adına layiq görülən böyük sənətkar 11 iyul 2006-cı ildə 72 yaşında vəfat edib.

Ölümü gənc ikən dadan dahi…

 

 

 

Bu il 110 illik yubileyi qeyd edilən görkəmli şair Mikayıl Müşviq 1908-ci il iyunun 5-də anadan olub.

O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbində oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Məktəb fəaliyyətinə pedaqoq kimi başlayıbn. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-“Küləklər” 1930-cu ildə nəşr olunub.
O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun “Kobzar”(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin “Şeirlər”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” kitablarıdır. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. 1938-ci il yanvar ayının 6-da 29 yaşında repressiya dövründə güllələnib.
Geniş maraq dairəsi olan fitri istedad…

 

 

 

Bu il 90 illik yubileyi qeyd edilən görkəmli alim Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da anadan olub.
Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edərək, ölkəmizin hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.
Ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləyib. Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapıb. Azərbaycan Ali Attestasiya Komissiyasının sədri, Dövlət Elm və Texnika Komitəsinin rəhbəri olub. 2006-cı il iyulun 17-də 78 yaşında vəfat edib.
Dövlətçiliyə sadiq şəxsiyyət…

 

 

 

Bu il 90 illik yubileyi qeyd edilən görkəmli elm və dövlət xadimi Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə anadan olub.
Orta məktəbi başa vurduqdan sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq, 1950-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb. Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olub. 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Onlarla görkəmli hüquqşünasların yetirilməsində xidmətləri var. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir.
Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub. Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr verib. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri olub. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib.

 

Sədaqəti həyat tərzinə çevirən akademik…

 

 

Görkəmli elm və dövlət xadimi Ramiz Mehdiyev də 2018-ci ilin yubilyarları arasındadır. 80 yaşını tamamlayan akademik 1938-ci il aprelin 17-də anadan olub.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan Ramiz Mehdiyev 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-1968-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib. 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. 1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. “Qırmızı Əmək Bayrağı” ordeni və 2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf” , 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
P.S. Hər bir xalqın qüruru həm də onun ziyalılarıdır. Onları qorumaq isə dövlətini, vətənini sevən hər bir azərbaycanlının borcudur.
Azxeber.com
// Azər Niftiyev