“Heydər Əliyev və Azərbaycan kinosu”

Nizami Kino Mərkəzində Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” adlı elmi-nəzəri konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki,  tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev açıb: “Mən Ümummilli Lider Heydər Əliyevin qayğısını hələ 17 yaşım olarkən, 1980-ci ildə hiss etmişəm. Onun dəstəyi ilə kinematoqrafiya sahəsində təhsil almışam. Buna görə də, bu böyük şəxsiyyətə ömrümün axırınadək borcluyam. Bir sözlə, mənə həyata vəsiqəni məhz Ulu Öndər verib.

Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində, ümumən milli kinomuzun inkişafında kino işçiləri ordusunun ən etibarlı zamini, kinomuzun təəssübkeşi Ümummilli Liderimiz Heydər Əliyev olub. O, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, istərsə də Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində işləyərkən mədəniyyətimizə böyük qayğı göstərib. Onun qayğısı ilə “Azərbaycanfilm”in texniki bazasını möhkəmləndirmək məqsədilə yetərli məbləğdə maliyyə vəsaiti ayrılırdı, kinostudiya üçün yeni avadanlıqlar alınırdı.

Ulu Öndər hər zaman kinomuzun gəncləşməsi, yeniləşməsi məsələsinə böyük diqqət ayırırdı. O, hətta Sovet kinematoqrafiya sənətinə yeni innovasiyaların gətərilməsinin tərəfdarı idi. Heydər Əliyev deyirdi ki, bu gün müasir texnologiyalar artıq sovet kinosunda köhnəlib. O hər zaman çıxışlarında kino çəkilişi sahəsində nöqsanları göstərməklə yanaşı, yeni imkanlardan, tətbiq ediləcək yeniliklərdən danışırdı. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da müasir, müstəqil Azərbaycanın mövcud sahədəki boşluqlarının aradan qaldırılmasında bütün qüvvəsini səfərbər elədi və çox şeylərə nail olduq, milli kinomuz dirçəlməyə başladı. O, Azərbaycan kinosuna elmi-texniki nailiyyətlərin gətirilməsi tövsiyə edirdi. Azərbaycan kinosunun inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə Ulu Öndərin həyat və fəaliyyətindən, dövlətçilik tarixindəki rolundan danışıb. Mədəniyyətimizin dirçəldilməsi, kino sənətinin inkişafında dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən bəhs edən A. Kazımzadə deyib ki, Ulu Öndər çalışırdı ki, ölkə həyatının bütün sahələri inkişaf etsin: “Azərbaycanfilm”də müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də ümummilli lider Heydər Əliyev gəlir və hər dəfə də bu problemi müsbət həll edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik. “Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında “Uzaq sahillərdə” filminin çəkilməsi ideyası da Ulu Öndərə məxsusdur. O, hətta “Babək” filminin istehsalı ilə bağlı Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən iki dəfə çox vəsait ayırdı. Kinematoqrafçılarımız da ulu öndərimiz barədə bir sıra maraqlı filmlər çəkmiş və bu müqəddəs iş bu gün də uğurla davam etdirilir. Bu gün hamıya məlumdur ki, 2 avqust- Azərbaycan Kinosu günüdür. Bu bayramı da xalqımıza Ümummilli Liderimiz bəxş edib”.

Sonra qonaqlar ssenari müəllifi Nazim Hikmət olan, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin simfonik poeması əsasında ekranlaşdırılan “Heydər Əliyev və Azərbaycan kinosu” adlı filmə baxıblar.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.