Heydər Əliyev Fondu ahılları nəzarətdə saxlayır

Əmək və Əhalianin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus infeksiyasından qorunması, onların sağlamlığının mühafizəsi üçün profilaktik işlər aparılır.


ƏƏSMN-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən hazırda müəssisədə – Qocalar evində 234 sakin var:


“Onlara 18 işçi tam karantin rejimində qulluq edir. Hər gün səhər və axşam saatlarında ahılların hərarəti ölüçülür”.


Rəsmi məlumatda həmçinin bildirilib ki, Heydər Əliyev Fondu bütün sosial xidmət müəssisələri kimi bu müəssisəni də nəzarətdə saxlayır:


“Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssiələri koronvirus tədbirləri çərçivəsində maskalar, dezinfeksiyaedici və digər qoruyucu vastələrlə təmin edilib”.


Qeyd edilib ki, ahıl insanlar gündə 3 dəfə qida ilə təmin edilir:

“Yaşlı insanların koronavirusa yoluxma riski nəzərə alınmaqla, onların qorunmasına xüsusi diqqət yetirilir. Nazirlər Kabienti yanında Operativ Qərargahın ümumi qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri dəstək göstərilib. Sakinlər və əməkdaşlar tez-tez müayinədən keçirilir, onlar infeksiyadan qorunma qaydaları barədə məlumatlandırılırlar. Burada çalışan əməkdaşların müəssəidənkənar mühitlə təması da məhdudlaşdırılıb, uzunmüddətli növbəli rejim qurulub”.