Heydər Əliyev Mərkəzi dünyada tanınır

77

 

Ötən ilin memarlıq nəticələri müəyyənləşdirilib: Bakıda inşa olunmuş…

Heydər Əliyev Mərkəzinin binası 2013-cü ildə dünyanın ən qeyri-adi tikililəri sırasındadır.

Məşhur Bigpicture.ru portalı ötən ilin memarlıq nəticələrini müəyyən etmək məqsədi ilə planetin ən tanınmış memarları, tikinti layihəçiləri və mütəxəssisləri arasında sorğu keçirib. Dünya şöhrətli mütəxəssis, əslən iraqlı olan memar Zaha Hadiddin layihəsi əsasında Bakıda inşa olunmuş Heydər Əliyev Mərkəzinin binası fərqləndirilən tikililər sırasında yer qazanıb. Mərkəz bütövlükdə keçmiş SSRİ ərazisində ən effektli yeni binalardan sayılıb.

Son dərəcə qeyri-adi, müəyyən mənada, təkrarsız görünüşə malik Heydər Əliyev Mərkəzi özünün hamar və axan formaları ilə insanları heyran edir, modern memarlıq nümunəsi olaraq, sorğunun yekunlarına əsasən, siyahıya daxil edilmiş 20 ən gözəl bina arasında ilk onluqdadır.

Heydər Əliyev Mərkəzi ilə yanaşı, birinci 10-luğa daha hansı binalar daxildir?

Şençjen Hava Limanının yeni terminalı (Çin)

İtaliyalı Massimiliano Fukasın layihəsidir. Bina parıldayan və 6-bucaqlı pəncərələrdən ibarət “pulla” örtülmüş 1,5-km-lik “balığa” bənzəyir. 1,4 milyard dollara başa gəlib.

“Hündür şəhər” De Rotterdam (Niderland)

Rom Kolxasın layihələşdirdiyi “De Rotterdam” ölkənin ən böyük binasıdır. Hündürlüyü 150 metr olan binada otel, ofislər, mənzillər, konfrans zalı və ticarət mərkəzi var. İnşasına 340 milyon avro xərclənib.

Şençjen maliyyə birjasının binası (Çin)

Binanın hündürlüyü 250 metrdir. Rom Kolxasın “OMA” memarlıq bürosunun işidir.

Bazel Yarmarka Mərkəzi (İsveçrə)

2013-cü ildə inşa olunub. Layihə məllifi isveçrəli Hertsoq və de Merondur.

“Tamedia” mediakonserninin mənzil qərargahı (Sürix, İsveçrə)

Binanın layihə müəllifi yaponiyalı minimalist Şiqeru Bandır. Tikintisində heç bir bolt və dəmir-betondan istifadə edilməyib: konstruktor kimi yığılan beşmərtənəli binanın taxta karkası üzərində yüngül şüşəli fasad quraşdırılıb.

Marsel Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi (Fransa)

Binanın 10 ilə tikilib və Marselin Avropa mədəniyyəti paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər ərəfəsində istifadəyə verilib.

“Statoil” Neft Şirkətinin mənzil qərargahı (Oslo, Norveç)

Oslo yaxınlığında yerləşən tikili dünyanın ən gözəl ofis binalarından hesab olunur və müasir Avropa memarlığının gözəl nümunəsidir.

Melburn Molekul Tədqiqatları Mərkəzi (Avstraliya)

Bina iri rəngarəng molekula bənzəyir. Aşağı mərtəbədə tələbələrin auditoriyası yerləşir, yuxarıda isə alimlər üçün laboratoriya fəaliyyət göstərir.

Beynəlxalq Konfrans Mərkəzi (Çin)

Bina nəhəng dəniz vəhşisini xatırladır. İnşasında Avstriyanın “Coop Himmelbau” memarlıq bürosunun memarları on minlərlə ton polad və betondan istifadə ediblər.

İkinci onluqda isə bu tikililər yer alır:

“Halley VI” Antarktika stansiyası (Britaniya), “Emporia” çoxfunksiyalı kompleks (İsveç), “Parkroyal” oteli (Sinqapur), “Mavi planet” akvariumu (Kopenhagen, Danimarka), Roytlinqen konsert zalı (Almaniya), “Sliced Porosity Block” yaşayış məhəlləsi (Çendu, Çin), “NEO Bankside” yaşayış kompleksi (London, Britaniya), “Cayan Tower” göydələni (Dubay, BƏƏ), Hasselt şəhər Məhkəmə kompleksi (Belçika) və “Qəlpə” göydələni (London, Britaniya).