Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirilib

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, siyasi elmlər doktoru, professor Mahmud Kasımbekovdur.

Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolu, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur. Kitabda Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər də yer alıb.

Kitaba ön sözü Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Tədbirin əvvəlində Nursultan Nazarbayevin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Əli Həsənov ilk növbədə Prezident İlham Əliyevin Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Qazaxıstanın bir qrup dövlət və elm xadiminin “Tərəqqi” medalı ilə təltif olunması haqqında sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əli Həsənov qeyd edib ki, Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil, Qazaxıstanın tarixi inkişafının təməlini qoyub.

Prezidentin köməkçisi bildirib ki, kitabın ərsəyə gəlməsi Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutub. Kitab oxucuları Nursultan Nazarbayevin fəaliyyəti və liderlik keyfiyyətləri ilə yaxından tanış edir.

Əli Həsənov vurğulayıb ki, 1990-1992-ci illərdə bütün postsovet respublikaları müstəqillik qazandılar. Qazaxıstan da SSRİ-dən ayrılarkən ölkənin vəziyyəti heç də Azərbaycandan yaxşı deyildi. Sovet hakimiyyəti illərində Qazaxıstan xalqının etnik tərkibində ciddi dəyişiklik olmuşdu: “Qazaxıstanda şəhərdə yaşayan əhali ilə kənddə yaşayan əhali arasında ciddi uçurum yaranmışdı, şəhərdə yaşayan əhali qazax mentalitetindən, milli identikliyindən uzaqlaşmışdı, Qazaxıstana çoxlu sayda etnik qruplar köçürülmüşdü. Nursultan Nazarbayev bütün bu məsələləri ustalıqla yoluna qoydu, heç bir qarşıdurma yaratmadan Qazaxıstan xalqını bir araya gətirdi və inkişaf yolu ilə apardı. Nursultan Nazarbayevin siyasəti nəticəsində Qazaxıstanda millətlər bir-biri ilə dostluq şəraitində yaşayırlar”.

O qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında əlaqələr həmişə yüksək səviyyədə olub: “Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin yaratdığı strateji dostluq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan Azərbaycana ən çox investisiya yatıran ölkələrdən biridir”.

Sonra tədbirdə çıxış edən Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı kitabın çapında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O bildirib ki, bu kitabın çapı iki ölkə arasında yüksək əlaqələrin və həqiqi dostluğun göstəricisidir.

A.Muxamediulı vurğulayıb ki, Nursultan Nazarbayevin siyasəti nəticəsində Qazaxıstan dünyada böyük nüfuz qazanıb: “Nursultan Nazarbayev Qazaxıstanı çətin bir dönəmdən çıxararaq inkişaf yolu ilə aparıb. Bu gün Qazaxıstan uğurla inkişaf edir”.

Azərbaycanla Qazaxıstan arasında yüksək əlaqələrin mövcud olduğunu diqqətə çatdıran nazir əlavə edib ki, iki ölkə uğurla əməkdaşlıq edir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə qeyd edib ki, Azərbaycan və Qazaxıstan xalqları bənzər tale yaşayıblar, hər iki xalq soyqırımlara məruz qalıb.

A.Əlizadə bildirib ki, sovet hakimiyyəti dağılan zaman Nursultan Nazarbayev öz xalqının yanında oldu, Qazaxıstanı çətin durumdan çıxarmağı bacardı: “Azərbaycanla Qazaxıstan arasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin yaratdığı əlaqələr bu gün də uğurla davam edir”.

AMEA prezidenti deyib ki, Nursultan Nazarbayev qlobal miqyaslı siyasi xadim sayıla bilər.

A.Əlizadə kitabın çapını çox yüksək dəyərləndirib və bildirib ki, kitab Nursultan Nazarbayev haqqında oxuculara geniş məlumat verir.

Daha sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdırəli qeyd edib ki, Nursultan Nazarbayev Qazaxıstanı müstəqilliyinin ilk illərində mürəkkəb vəziyyətdən çıxararaq dünya miqyasında etibarlı ölkə halına gətirdi.

O bildirib ki, Nursultan Nazarbayevdən bəhs edən bir kitabın Azərbaycan dilinə tərcümə edilməsi gözəl tarixi hadisədir: “Azərbaycanla Qazaxıstan arasında sovet dönəmindən yaxşı münasibətlər olub və hər iki dövlət müstəqillik qazandıqdan sonra bu əlaqələr daha yüksək səviyyəyə çıxıb. Bu gün ölkələr bütün sahələrdə uğurlu əməkdaşlıq edirlər”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev isə bildirib ki, Nursultan Nazarbayevin fəaliyyəti haqqında bütün incəliklər kitabda təsvir edilir. Kitabın müəllifi müasir tarixi salnamə yaradıb.

C.Feyziyev qeyd edib ki, Nursultan Nazarbayevin rəhbərliyi dövründə Qazaxıstan inkişaf yoluna qədəm qoyub: “Öz dövründə bütün mərhələləri uğurla keçib siyasi hakimiyyətə gələn Nursultan Nazarbayev xalqın mili maraqlarının təmin olunmasında məsuliyyətini dərk edirdi və öz siyasi fəaliyyəti ilə Qazaxıstanı dünyanın nüfuzlu ölkələrindən birinə çevirdi”.

Sonda tədbirdə çıxış edən Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, kitabın müəllifi Mahmud Kasımbekov kitabı Azərbaycan dilinə nəşr etdirdiyinə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında həmişə yüksək dostluq və qardaşlıq münasibətləri olub.

Müəllif Nursultan Nazarbayevin Qazaxıstan xalqı qarşısında gördüyü xidmətlərdən danışıb və bildirib ki, Qazaxıstan bügünkü inkişafa məhz Nursultan Nazarbayevin fəaliyyəti nəticəsində nail olmağı bacarıb.

Tədbirin sonunda Əli Həsənov qeyd edib ki, bir il ərzində Ulu Öndər Heydər Əliyev haqqında kitabın Qazaxıstanda Nursultan Nazarbayev Mərkəzində və Nursultan Nazarbayev haqqında kitabın Azərbaycanda Heydər Əliyev Mərkəzində təqdim edilməsi böyük əhəmiyyətə malikdir.

Əli Həsənovun sözlərinə görə, liderlər haqqında kitabların qardaş xalqların dillərinə tərcümə edilib yayılmasında məqsəd ondan ibarətdir ki, xalqlarımız bir-birini daha yaxından tanısın.

 

 

 

Orxan