Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edildi.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gələrək tər çiçək dəstələri düzdülər.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığı, ümummilli liderin apardığı islahatlar nəticəsində Azərbaycanın 1969-1982-ci illərdə aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrilmiş, eyni zamanda bu müddət ərzində ölkəmizin keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır.
Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə təkrar qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşmüş, rayon ərazisində yüzlərlə kilometr yollara asfalt örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, yeni yaşayış binaları tikilmiş, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur.
Vurğulanmışdır ki, ulu öndər respublikaya rəhbərliyinin 34 ili ərzində ulu öndər Heydər Əliyev 5 dəfə Ağdaş rayonuna səfər etmiş, onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.
Tədbirdə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev təkrar siyasi hakimiyyətə qayıdışından sonra titanik fəaliyyəti ilə sevdiyi xalqına firavan, dinamik inkişaf edən bir dövlət miras qoyub getmiş, onun böyük quruculuq missiyası və dövlətçilik ənənələri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.