Hikmət Hacıyev Cenevrəyə gedib

Aprelin 9-da BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib.
XALQ.AZ xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena açılış nitqləri ediblər.

Fransisko Roxas Aravena çıxışında təmsil etdiyi ali təhsil ocağının humanizm, beynəlxalq hüquq və sülhün təbliği istiqamətində göstərdiyi akademik fəaliyyətə toxunub. O, davamlı inkişaf üçün sülhün ən vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, eyni zamanda, işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyəti barədə danışıb.

Beynəlxalq konfrans işçi sessiyalarla davam edir. Birinci sessiyada münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivə müzakirə edilir. İkinci sessiyada isə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərindən bəhs ediləcək və bu xüsusda Azərbaycanın, eləcə də bir sıra digər ölkələrin üzləşdiyi problemlər iştirakçıların diqqətinə çatdırılacaq.

Orxan