Hikmət Hacıyev Dilqəm Əsgərovla Şahbaz Quliyevdən danışdı

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: “Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: “Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun”.