“Hörmətdən, qiymətdən düşməkdən qorxuram”

Zeyneb

Millət vəkili Zeynəb Xanlarova bu gün maraqlı açıqlamaları ilə yadda qalıb. Belə ki, İctimai Televiziyanın “Telemizan” verilişinin ilk qonağı olan xalq artisti Zeynəb Xanlarova daha çox hansı televiziya kanallarında oxuduğu və toya gedən müğənnilər haqda danışıb.

Xalq artisti efirdə görünməməyinin səbəbini belə açıqlayıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib: “Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu, ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər. Mən yalnız AzTV-də və İctimai Televiziyada çıxış edirəm. Düşünürəm ki, “burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram”.

Sənət aləminin bugünkü vəziyyətindən danışan Zeynəb Xanlarova ifaçılara məsləhətlər də verib: “Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bu günkü müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın… Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var, verin xalqa, bəhrəsini görəcəksiniz”.