I sinfə qəbulla bağlı komissiya yaradılıb

Bu gündən 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfə elektron şagird qəbulu ilə əlaqədar yaranan mübahisəli məsələlərin həlli ilə bağlı müraciətləri qeyd alınan vətəndaşların sorğularının cavablandırılması üçün Apelyasiya komissiyası fəaliyyətə başlayıb.

XALQ.AZ xəbər verir ki, apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir.

Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir.

Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

 

Orxan