İcra başçısı Naftalanda qədim yaşayış məskəninə baxış keçirdi

11599468141

Naftalan şəhəri ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid  unikal çoxtəbəqəli yaşayış yeri aşkar edilib.

XALQ.AZ xəbər verir ki, dünyada maraq doğuran turizm yerləri əsasən arxeoloji qazıntılar zamanı üzə çıxan qədim mədəniyyət abidələridir.  Qədim tarixə və mədəniyyətə malik ölkəmizin həm də hər bir bölgəsinin özünəməxsuslığu vardır.  

Naftalan şəhəri də dünyada müalicəvi nefti ilə məhşur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar  Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə məşhur olan Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil həmdə arxeoloji abidələri ilə də, diqqəti cəlb edəcək. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Bu da şəhərimizə müalicəyə gələn turistlərin marağına səbəb olacaq.

Xüsusən dünyada nadir hesab edilən böyük ölçülü kurqanların  Naftalan ətrafında  mövcudluğu bu kurqanların tədqiq edilərək yerüstü muzey kimi qorunmasına zərurət yaradır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə  apardığı arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilmişdir ki, bu da bir daha bu yerin qədimliyini sübut edir. Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 ha-a yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə etmişdir. Abidənin əsas təbəqəsi eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, Qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkar edilib. Yaşayış yerinin üzərində son tunc-ilk dəmir dövründə torpaq qəbirlərin, antik dövrdə isə küp qəbirlərin salındığının şahidi oluruq.  Abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir. Bu cür arxeoloji qazıntıların aparılması və qədim abidələrin aşkar edilməsi arxeo turizmlə, tibbi-turizmin sintezinə öz töhfəsini verəcək. 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çoxtəbəqəli yaşayış yeri aşkar edilmiş əraziyə baxış keçirmişdir.

11599468141
31599468159
41599468159
51599468159

XALQ.AZ