İcra başçısı vaqonda məktəb açıb

Vaqon

Ramana qəsəbəsində Qubadlı köçkünləri “vaqon-məktəb”də dərs oxuyur

“Uşaq mənimdir əgər, oxutmuram əl çəkin!” Mirzə Ələkbər Sabirin dillər əzbəri olmuş bu misrası bəlkə də bu məktəbdə oxuyan şagirdlərin valideynləri üçün əsl həqiqətdir. Çünki valideynlər bu cür “məktəb”də oxuyan uşaqlarını dərsə buraxmamaqda haqlı sayıla bilərlər.

XXI əsrdə, neft ölkəsində, smeta dəyəri milyardlıq olan layihələrin həyata keçirildiyi dövlətdə harada görünüb ki, məktəblilər vaqonda təhsil alsın?!

Redaksiyamıza göndərilən bu şəkillərə baxanda “təhsildə inkişafın necə fontan vurduğu” göz deşir.

Söhbət Bakının Ramana qəsəbəsində, Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidən gedir. Qəsəbədəki Xanlıq kənd ümumi orta təhsil məktəbinin isə “analoqu” yoxdur.

Şəhərdən heç də uzaqda olmayan bu qəsəbədə məktəbin vaqonda yerləşməsinə nə uzaq Liviya səhrasında rast gəlinib, nə də aclıqdan məhv olan Somalidə. Amma şagirdlər və müəllimlər nə etsinlər, onlara verilən “məktəb”lə qane olublar. Sadəcə, gözləyirlər ki, Xanlıq kənd məktəbi haçansa Təhsil Nazirliyinin yadına düşəcək, vaqondan əsl məktəbə köç edəcəklər.

Hazırda 87 şagirdin təhsil aldığı bu məktəb cəmi 2 vaqonda yerləşir. Şəraitsiz, darısqal, köhnə, dəmir vaqonda dərs öyrənməyə çalışan şagirdlərin taleyi isə heç kimi maraqlandırmır. Redaksiyamıza qəsəbə sakinlərindən biri tərəfindən göndərilən şəkillərdən də görünür ki, buradakı mənzərəni sözlə anlatmağa ehtiyac yoxdur, məktəblilərin ağır şəraiti göz qabağındadır.

Qəsəbə sakini bu problemin bir dəfə mediada işıqlandırıldığını yazıb və yenidən ictimailəşməsini xahiş edir: “Bəlkə nazirlik görəndən sonra bir köməklik göstərildi. Daha bu tədris ili getdi, mayda dərslər bitir. Heç olmasa, yeni tədris ilini uşaqlar təzə məktəbdə oxusunlar. Üç ay yay ərzində istəsələr, yaxşı şəraiti olan məktəb tikə bilərlər. Burada heç 100 şagird oxumur. Təhsil Nazirliyi üçün bu məsələni həll etmək su içmək kimidir. Uşaqlarımız yay-qış vaqonda dərs keçməkdən xəstəlik tapır. Onların gələcəyi bu vaqonda məhv edilir. Heç yerdə görünməyib ki, indiki dövrdə vaqonda dərs ola. Bir məktəb tikmək çox pul tələb etmir”.

Qəsəbə sakini yazır ki, məktəb təhsil 9 illikdir. Burada şagirdlərin sayı 85-90 nəfər arasında dəyişir. Əsas problem də elə məcburi köçkün məktəblilərin vaqonlarda dərs öyrənməyə məhkum olunmasıdır. Şikayətçi deyir ki, havalar isinəndə vaqonlarda havasızlıq yaranır, “siniflərdə” oturmaq dəhşətli olur, nəfəs almaq belə mümkün deyil: “Məktəbdə 18 müəllim çalışır. Burada heç bir maddi-texniki bazanın yaradılmasından söhbət gedə bilməz. İbtidai bir şərait var. Kimin gücü nəyə çatıbsa, əl yetirib məktəb salıb. Biri stol, o biri stul gətirib. Günün çox hissəsi burada keçir. Uşaqlar çalışır ki, oxusunlar, gələcəkdə ali məktəbə girə bilsinlər. Amma bu şəraitdə nə dərs olar? Heç bu məktəb deyil axı?! Təhsil-tədris üçün heç bir tələbə cavab vermir. Biz Mehriban xanımın köməyini gözləyirik. O, həmişə təhsil sahəsinə qayğısını əsirgəməyib. Ondan xahiş edirik ki, bu məktəbə bir köməklik etsin”.

Yada salaq ki, məktəbin direktoru İlahə Əsədova axar.az-a açıqlamasında problemdən söz açıb. Deyib ki, ötən il Nazirlər Kabinetinin əməkdaşları təhsil müəssisəsinə baxış keçirib. Baxış zamanı 220 nəfərlik yeni məktəbin tikintisinə başlanılacağı qeyd olunub.
Direktorun sözlərinə görə, hazırda istilik sistemi tam qaydasında işləyir: “Qışda problemimiz olmur. Bircə problemimiz məktəbin vaqonlardan ibarət olmasıdır. Kollektivimiz gənc kadrlardan ibarətdir. Ümid edirik ki, yaxın zamanlarda bu məsələ həll olunacaq. Qubadlı Rayon İcra Hakimiyyəti də bu problemin tez bir zamanda həll olunacağını bildirib”. Amma deyəsən, Qubadlının icra başçısı Malik İsaqovu vaqon-məktəbdə oxuyanlar maraqlandırmır…