İcra başçısı xarici qonaqları kababa qonaq etdi-Fotolar

 

Xalqımızın ən əziz bayramı olan Novruz münasibəti ilə Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə sakinləri,  çoxsaylı qonaqların və  qəsəbədəki hərbi hissənin əsgərlərinin  iştirakı ilə böyük bayram şənliyi təşkil olunmuşdur.
Bayramsayğı bəzədilmiş parkda müxtəlif Novruz atributları, böyük səməni qurulmuş, parkda yeni güllər əkilmişdir.
Öz ənənələrinə sadiq qalan Rayon İcra Hakimiyyəti sakinləri bir daha heyrətləndirərək parkın mərkəzində diametri 5 metrdən çox olan Badamdarın böyük bayram xonçası quraşdırılmış, bura müxtəlif bayram şirniyyatları ilə bəzədilmişdir.
Novruzun əsas atributlarından sayılan Kosa, Keçəl, Bahar qızı, Dədə Qorqud,  milli geyimli uşaqlar «Cəngi» sədaları altında sakinləri və qonaqları qarşılamışlar. Ulu Dədə Qorqudun xeyir-duası ilə cəngavər bayram tonqalını alovlandırmışdır.
Badamdar Mədəniyyət evinin, rayonun musiqi məktəblərinin kollektivlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii bayram proqramı nümayiş etdirilmiş, Novruza həsr olunmuş şerlər və mahnılar səslənmişdir.
Kosa, Keçəl və Bahar qızı, milli geyimli uşaqlar sakinləri də rəqsə dəvət edərək tonqal ətrafında yallı getmişlər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmiçinin Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarski və onun müavini Mixal Veremeycik, digər qonaqlar bayram tədbirində iştirak etmiş, sonra Badamdarın böyük bayram xonçası sakinlərə təqdim olunmuşdur. Eldar Əzizov ağsaqqallar, veteranlar, qəsəbə sakinləri ilə görüşmüş, onların Novruz bayramını təbrik etmiş, qeyd etmişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və dünya dövlətlərində baş verən iqtisadi-siyasi böhranlara bağmayaraq Azərbaycan öz inkişafını davam etdirir.
Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşmış, Novruz tədbirində iştirak edən ağsaqqal və veteranlar ölkə başçımız İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyevanı gözəl bayram münasibəti ilə təbrik etmiş, onlara Azərbaycanımızın inkişaf və tərəqqisi istiqamətində gördükləri işlərdə uğurlar arzulamışlar.
Novruz xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanmış, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilmiş, hazırlanmış kabab və digər milli yeməklər sakinlərə pulsuz təqdim olunmuşdur.
Məhəllədəki şənlik gün ərzində davam etmiş, incəsənət xadimləri və özfəaliyyət kolektivlərinin nümayəndələri, orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları  ilə şənliyi daha rəngarəng etmişlər.