İcra Hakimiyyəti və DSX Bayraq gününə həsr edilmiş tədbir keçirib

Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirib.
XALQ.AZ xəbər verir ki, tədbirin açılışında Azərbaycan himni səsləndirilib. Daha sonra Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı hazırlanmış video film tədbir iştirakçılarına təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik olub.
Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazirlanmış Sevil və Sevinc bacılarının ifasında səslənən “Azərbaycan Bayrağı” adlı mahnı və klip təqdim olunub. Daha sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinın iştirakı ilə konsert proqramı davam edib.
Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı edib.
Orxan