Icra Hakimiyyətinin nümayəndə heyəti Misirdə

XALQ.AZ xəbər verir ki, nümayəndələr Qəlubiyyə vilayətinin qubernatoru ilə görüşüb

Səfərin ilk günü Abşeron rayon Icra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Azərbaycan parkına gələrək ulu öndər Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Nümayəndə heyəti “Azərbaycan parkı” və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub. Qonaqlar həmçinin Abşeron RİH-in daxili imkanları hesabına parkda həyata keçirilmiş əsaslı yenidənqurma və bərpa işləri ilə də tanış olublar.

Sonra nümayəndə heyətinin üzvləri Qəlubiyyə vilayətinin qubernatoru Dr. Alaa Abdelhalim ilə görüşüblər. Görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.Toplantıda F.Cəbrayilov 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və Azərbaycan-Misir dostluq məktəbinin olması iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Görüşdən sonra F.Cəbrayılov və bir qrup rəsmi şəxslər Qalubiyyə vilayətində Azərbaycan-Misir dostluq məktəbini də ziyarət ediblər. Təhsil müəssisəsinin rəhbərliyi ilə görüşdə, məktəbdə mövcud vəziyyət, təlim-tərbiyə prosesinin təşkili ilə maraqlanılıb, müəllimlərin təklifləri dinlənilib, diskussiya aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan-Misir dostluq məktəbi Abşeron rayonunun daxili imkanları hesabına təmirinə başlanılıb.

 

 

Orxan