İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində ictimai-iaşə obyektlərində keçirdiyi monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan göstərişlər verilib.

Monitorinqlər davam etdirilir.