İftarda şərbətə görə düşən mübahisə faciə ilə bitdi

Şərbətin çox şirin hazırlanması faciəyə səbəb olub.

Hadisə Pakistanın Peşəvər şəhərində iftar zamanı baş verib.

Yerli “Samaa” televiziyası xəbər verir ki, ailə üzvləri müqəddəs Ramazan ayında iftar süfrəsi arxasında əyləşiblər. Məhəmməd İşak bacısı Mismatı və qardaşı Hüseyni şərbəti zay etməkdə günahlandırıb.

Mübahisə ailə faciəsi ilə bitib. M.İşak silahdan açdığı atəşlə bacısını və qardaşını ağır yaralayıb. Bundan sonra hadisəni törədən şəxs evdən qaçıb.

Səs-küyə gələn qonşular yaralıları xəstəxanaya çatdırsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Maraqlıdır ki, qanlı insident barədə polisə izahat verən ata hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləyib: “Bu, Allahın iradəsi idi…”

Ailə başçısı əlavə edib ki, hadisəni törədən oğlunun körpə uşaqları var.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, adətən, valideynlər övladlarını həbsdən xilas etmək üçün bu cür açıqlamalar verirlər.