İlahiyyat İnstitutuna qəbul balı artıb

2019/2020-ci tədris ili üzrə Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan tələbələrin qəbul balı artıb.

İnstitutdan verilən məlumata görə, ali təhsil müəssisəsinə ödənişsiz əsaslarla Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə həyata keçirilən qəbul imtahanında Dinşünaslıq ixtisası üzrə ən aşağı bal 292, ən yüksək bal 523, İslamşünaslıq ixtisası üzrə ən aşağı bal 200, ən yüksək bal isə 390 olub. Müvafiq olaraq ixtisaslar üzrə ümumi orta bal 346,3 və 260 bal təşkil edib. Qəbul olunanların 50 faizi 300 baldan yuxarı bal toplayan abituriyentlərdir. Otuz faiz tələbə isə 350-550 bal toplayaraq, Azərbaycan İlahiyyat İnstitutunu seçib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Respublika Prezidenti cənab İlham Əliyevin 8 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Ali təhsil müəssisəsi bu il ikinci dəfə tələbə qəbulu həyata keçirib. Keçən il keçid balı 150 bal olsa da, bu il bu rəqəm iki dəfəyə qədər yüksəlib.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün pillələri üzrə tam ödənişsiz qəbul həyata keçirilir. Ali təhsil müəssisəsinin tələbələri ödənişsiz geyim və dərsliklərlə təmin olunurlar. İnstitutda pulsuz təşkil olunan müxtəlif dil kurslarında tələbələr mükəmməl səviyyədə ingilis və ərəb dillərini öyrənə bilərlər.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm, eləcə də digər sosial və humanitar elmlər tədris olunur.

İnstitut təhsil və elm sahəsində qarşılıqlı münasibətlər qurmaq; tələbə, müəllim mübadiləsi həyata keçirmək; tədris prosesindəki təcrübələrlə əyani surətdə tanış olmaq, bu sahə üzrə mövcud yenilikləri öyrənmək, mədəni əlaqələr qurmaq və möhkəmləndirmək məqsədilə dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq əlaqələri yaradır.