İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

1594902128 ilham

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

XALQ.AZ fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 4, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-ci bəndə “qeydiyyatı” sözündən sonra “ilə bağlı” sözləri əlavə edilsin;

1.2. Aşağıdakı məzmunda 5.1.9-cu yarımbənd əlavə edilsin:

“5.1.9. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası;”;

1.3. 5.10-cu və 5.11-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.10. gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.10.1. xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi;

5.10.2. gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi;

5.11. miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.11.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

5.11.2. şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

5.11.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

5.11.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

5.11.5. Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi;

5.11.6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi;”;

1.4. 5.11-1-ci və 5.11-2-ci bəndlər ləğv edilsin;

1.5. 5.17-ci bənddə “ilə bağlı əməliyyatların qeydiyyatı” sözləri “sahəsində xidmətlərin göstərilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

1.6. 5.19.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin:

“5.20. kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.20.1. fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı;

5.20.2. fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi üçün qəbulu.”;

1.7. 6-cı hissədən “Vergilər Nazirliyinə,” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Kənd Təsərrüfatı Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılsın.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

3.1. “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqini formalaşdırsın;

3.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etsin.

4. Dövlət orqanları (qurumları) “ASAN müraciət” informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

5.2. “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.