İlham Əliyev Naxçıvanda – FOTO

İlham Əliyevin Naxçıvana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 16-da başa çatıb.

XALQ.AZ  xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola salıblar.

****

Naxçıvana 15 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

Dövlət başçısı həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ayrılıb.

****
İlham Əliyev: Bu, dünya miqyasında rekord göstəricidir

Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir.

XALQ.AZ xəbər verir ki, bunu prezident İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında deyib.

Onun sözlərinə görə, son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülüb.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır, son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıb:

“Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm.

Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir.

Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir.

Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaradıb. Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülüb.

1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər.

Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturdublar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilib.

Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olub. Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi.

O vaxt Naxçıvan “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş verib. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi.

Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu var. Ondan sonrakı dövrdə də Ulu Öndər Azərbaycan prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi.

Bu yaxınlarda Ulu Öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən, o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaq.

Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. İndi də demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir.

Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin…”


Prezident: Layihə bitəndə, Naxçıvan blokadadan çıxacaq

Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb.

XALQ.AZ xəbər verir ki,  bunu Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib:

“Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcək. Hər halda planımız bundan ibarətdir.

Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

XALQ.AZ xəbər verir ki, son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır.

Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verib.

Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb.

Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib.

Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompeksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.


Mayın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

****

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən, Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb.

Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən, Arpaçay subölücüsündə gölün dibindən altı metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir.

Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür.

Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində yeddi yanğın hidrantı tikilib.

Yerin relyefindən asılı olaraq, mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub.

Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

**** 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

 

Orxan