İlham Əliyev Ərdoğana dəstək verdi

Ilham-6

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dəstək verib.

Praqada “Şərq tərəfdaşlığı” sammitində çıxış edən və Türkiyə-Ermənistan arasında gedən proseslərə toxunan prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir neçə il öncə bütün arxivlərin açılması və tarixçilərin tarixi məqamları araşdırmasını təklif etdiyini, amma Ermənistanın buna razılaşmadığını xatırladıb.

“Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Serj Sarkisyan Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Ümumilikdə, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal edib”, – deyə İlham Əliyev bəyan edib.