İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Balakən rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon (on yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.