İlham Əliyev: Böyük dəyişikliklər baş verdi

Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında bildirib.

“Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq”, – dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

“Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, – İ.Əliyev bildirib.

Prezident Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü vurğulayıb.

“Ancaq milli maraqlar bizim üçün hər şeydən üstündür. Siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa nail olduq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapıb. Biz infrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik – bu göstərici ilə dünyada 27-ci yerdəyik”, – dövlət başçısı deyib.