Deputat:”Dövlətimizin başçısı milli təəssübkeşliyini, əzmini, iradəsini əyani şəkildə nümayiş etdirdi”

Milli Məclisin deputatı Könül Nurullayevanın “Xalqın müdrik lideri” məqaləsində Prezident İlham Əliyevin timsalında xalqın həyatında böyük rol oynayan liderdən söhbət açılır. Deputat bu missiyanın çox çətin və taleyüklü məsələ olduğunu diqqətə çatdıraraq xalqın səsinə səs verən dövlətimizin başçısının gördüyü işlərin, apardığı islahatların xalq tərəfindən dəstəkləndiyini vurğulayır.

XALQ.AZ-ın məlumatına görə, məqalədə qeyd edilir ki, xalqın həkimi, yazıçısı, bəstəkarı, hətta qəhrəmanı olmaq belə mümkündür, amma xalqın lideri olmaq o qədər də asan deyil. Tarixin taleyüklü və mürəkkəb mərhələsində xalqların həyatında, taleyində lider amili həmişə həlledici rol oynayıb. Məhz liderlərin siyasi iradəsi və fenomenal idarəetmə bacarığı sayəsində ən ağır böhran vəziyyətlərindən qurtuluş mümkün olub. Elə məhz buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyev kimi liderinin olduğuna görə xoşbəxtdir. İnanırıq ki, Azərbaycan xalqı və dövləti öz müdrik lideri ilə daha yüksək zirvələr fəth edəcək.

Bildirilir ki, ümummilli lider Heydər Əliyev kursunun davamçısı olan Prezident İlham Əliyev uzaqgörən siyasəti, dəmir məntiqi və iradəsi, milli təəssübkeşliyi ilə Azərbaycan xalqının sonsuz məhəbbətini qazanıb. Xalqının sonsuz sevgisini qazanan liderlər isə həmişəlik tarixin yaddaşında qalırlar. Məhz İlham Əliyev kimi rəhbərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada nüfuzu artmaqda davam edir. Regionda logistik mərkəzə çevrilən ölkəmiz Davos İqtisadi Forumu, BMT kimi mötəbər təşkilatlarda uğurla təmsil olunur. Dövlətimizin başçısının müxtəlif platformalarda cəsarətli çıxışları beynəlxalq ictimaiyyət və xalq arasında rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti istənilən fors-major vəziyyətdə hadisə və proseslərə prinsipial mövqedən yanaşaraq, vəziyyətdən çıxış yolu tapır və preventiv, ardıcıl və sistemli qərarlar qəbul edir. Biz bunu hazırda yaşadığımız koronavirus pandemiyası ilə mübarizədə bir daha gördük.

“Prezident İlham Əliyev güclü lider olduğunu amansız xəstəliklə mübarizə dövründə bir daha ortaya qoydu. Azərbaycan daim müstəqil, prinsipial və milli maraqlarına uyğun siyasət yürüdür və biz bunun dünyanı öz əsarətinə alan COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində açıq-aydın şahidi olduq. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı yürütdüyü mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyə müvəffəq olaraq birincilərdən olmağı bacardı. Nəticədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildi və baş direktor Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycanın təcrübəsini başqa ölkələrə nümunə göstərdi. Bu da məlum məsələ üzrə bir Azərbaycan modelinin var olduğunu sübuta yetirdi”, – deyə deputat vurğulayıb.

Ölkəmizdə sosial sahədə atılan addımlardan bəhs edən Könül Nurullayeva qeyd edir ki, sosial siyasətlərlə bağlı dövlətin həyata keçirdiyi proqramlar əhalinin əsas sosial qruplarının marağını ifadə edir, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində özünü göstərir. Bu tədbirlər əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, dünyanın bəlasına çevrilən koronavirus pandemiyası dövründə də insanların həyat şəraitinin təmin edilməsi və onların güzəranının yaxşılaşdırılmasını təmin etmək üçün müvafiq addımlar atır, qərarlar qəbul edir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında, koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilir. Bununla da Azərbaycan dövləti hər zaman vətəndaşın yanında olduğunu bir daha sübut etdi. Eyni zamanda, dövlətimizin başçısı milli təəssübkeşliyi, əzmi, iradəsi ilə xalqa yaxın olduğunu, onun problemləri ilə maraqlandığını əyani şəkildə nümayiş etdirdi.

Könül Nurullayeva məqaləsinin sonunda bütöv və müstəqil Azərbaycan naminə bir olmağı, liderin ətrafında sıx birləşməyin vacibliyini vurğulayır. Diqqətə çatdırır ki, son dövrdə göstərilən siyasi təşəbbüslər, siyasi partiya liderləri ilə keçirilən görüşlər, onlarla aparılan müzakirələr, fikir mübadilələri də olduqca təqdirəlayiqdir və alqışlanmalıdır. Bu, bir yenilikdir. Bu həm də siyasi sistemin tam yeni və operativ, innovativ metodlarla idarə edilməsinin göstəricisidir. Biz, hamımız baxışlarından, vəzifəsindən asılı olmayaraq bütöv və müstəqil Azərbaycan və onun müstəqilliyi üçün varıq, Vətən də onu sevən dəyərli övladları ilə vardır.