İlham Əliyev onlara yüksək rütbə verdi – 4 sərəncam, 2 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 159, № 7, maddə 588, № 9, maddə 790; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 295) 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, “direktoru” sözü “sədri” sözü ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 402; 2010, № 2, maddə 80; 2017, № 7, maddələr 1334, 1337; 2019, № 8, maddə 1389 ) 2.1-2-ci bəndi ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xeyrəddin Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 7, maddə 1222) ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

1.3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan sazişlərin bağlanması bu Qaydalara və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100; 2018, № 10, maddə 1991; 2019, № 4, maddə 644) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici borcalma bu Qaydaya və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli və 16 dekabr tarixli 878 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.31-1-ci və 3.1.43-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.31-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış sahibkarlara dair məlumatların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinə daxil edilməsini təşkil etmək;”;

“3.1.43-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) sahibkarların inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflərin hazırlanmasını təmin etmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Azərbaycan Respublikası adından mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə borcalma bu Qaydaya və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.