“İlham Əliyev Paşinyanı küncə sıxışdırdı”

Türkiyə KİV Azərbaycan Prezidentinin Ermənistanın baş naziri üzərində qələbəsini əsas manşet xəbəri kimi verdi

Tarixin sınaqlarından daim üzüağ çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək ölkələr arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib. Müasir dünya reallığında hər iki ölkənin ətrafında gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri isə daha mühüm əhəmiyyət kəsb edir. Hər iki dövlət istər regionda, istər dünyada, istərsə də ölkə daxillərində cərəyan edən hadisələrə kifayət qədər həssaslıqla yanaşır.

Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə keçirilən müzakirələr qardaş ölkənin ictimaiyyətinin əsas diqqət mərkəzində yer alıb. Mövzu türk KİV-ində nəzərini çəkib və geniş işıqlandırılıb. Prezident İlham Əliyevin qarşısında Paşinyanın böyük uğursuzluğa düçar olduğunu qabarıq şəkildə bildirən onlarca teleşirkət, yüzlərlə qəzet və internet portalı bununla bağlı xəbərlər paylaşıb.

“Anadolu Agentliyi” “Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan rəhbərləri ictimaiyyət qarşısında müzakirələr apardılar” başlıqlı xəbərində yazır ki, görüş Ermənistan üçün daha bir diplomatik zərbə oldu. Prezident İlham Əliyevin “Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək deyə bilərəm ki, mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar” fikirlərinin yer aldığı xəbərdə qeyd olunur ki, Azərbaycan rəhbərinin qarşısında Paşinyanın dili topuq vururdu.

“Milliyet” qəzetində Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir” fikri öz əksini tapıb.

“Haber Global” kanalı isə “Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi şillə” adlı süjet hazırlayıb. Süjetdə Azərbaycan Prezidentinin Xocalı soyqırımı, Ermənistanın Dağlıq Qarabağı işğalı və ermənilərin işğal etdikləri ərazilərdə etnik təmizləmə aparmaları ilə bağlı fikirləri yer alıb. Bildirilir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.

“TRT Haber” kanalda yayımlanan xəbərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən paneldə Dağlıq Qarabağ mövzusundan danışıblar. İlham Əliyevin fikirləri qarşısında Paşinyanın aciz olduğunu diqqətə çatdıran kanal Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq cəmiyyət tərəfindən tanındığını xatırladıb.

“NTV” kanalı da Münxen Təhlükəsizlik Konfransında keçirilən müzakirəni tamaşaçılara “Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan rəhbərliyi ictimiayyət qarşısında müzakirələr apardı” başlıqlı xəbər təqdim edib. İlham Əliyevin “Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq” fikirlərinin yer aldığı xəbərdə bu gün Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olduğu, 1 milyondan çox azərbaycanlının torpaqlarını tərk etmək məcburiyyətində qaldığı və Azərbaycan xalqına qarşı etnik təmizləmə aparıldığı diqqətə çatdırılıb.

“Sabah” qəzeti də “Tarixdə bir ilk. İlham Əliyev Paşinyanı küncə sıxışdırdı” başlıqlı xəbər təqdim edib. Bildirilir ki, Azərbaycan Prezidentinin idarəçiliyi dönəmində daha da güclənən Azərbaycan buna paralel olaraq Ermənistanı olduqca zəif bir dövlətə çevirməyi, dünya erməniliyinə isə böyük zərbələr vurmağı bacarıb. Xəbərdə, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə də yer verilib. Bura, baş nazirin işğal olunmuş ərazilərdə Ermənistanın yox, Dağlıq Qarabağ ordusunun mövcud olması, lakin onun oğlunun bu bölgədə hərbi xidmət keçməsi barədə fikirləri də daxildir.

Bundan başqa, “sanalbahis.com”, “karadenizgazete.com”, “tevhidhaber.com”, “msn.com” xəbər agentlikləri, “CNN Türk”, “Ahaber”, “Habertürk” kanalları, “Akşam”, “Türkiye” və digər qəzetlər “İlham Əliyevdən tarixi şillə”, “İlham Əliyev Paşinyanı faktlarla susdurdu” və s. başlıqlı xəbərlərlə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı N.Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb. Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan – Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi, Xocalı soyqırımı və s. bəhs edib.

XALQ.AZ