İlham Əliyev: “Şəffaflıq bizim üçün prioritetdir”

Ilham-1

“Neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib. Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik”.

XALQ.AZ-ın məlumatına görə, bunu prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, yığılan vəsait həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də TANAP, TAP kimi qlobal layihələrə vəsait sərf edilir: “TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək. İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. TANAP-da ən böyük səhmdar Azərbaycandır. Azərbaycan həm düşünülmüş siyasət həyata keçirir, həm də maliyyə resurslarını təmin edir”.

Prezident İlham Əliyev həmçinin “Şahdəniz-2” layihəsi haqqında da çıxış edib. O, bildirib ki, layihənin bundan sonra uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, yüzlərlə, minlərlə Azərbaycan şirkəti podratçı kimi çalışacaq, on minlərlə iş yeri açılacaq, qeyri-neft sektoru inkişaf edəcək: “Çünki tikinti, quraşdırma layihələrində qeyri-neft sektoru çalışacaq. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır, iqtisadiyyatın diversifikasiyası təmin edilir”.

Prezident bu uğurların əsasının Əsrin Müqaviləsi və bu beynəlxalq sərginin fəaliyyətə başlaması ilə bağlı olduğunu qeyd edib: “Biz bu kapitalı insan kapitalına çevirdik. Təhsil, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə bizi inkişafa aparır. Bizim xarici borcumuz ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir, işsizlik 5 faizdir. Rəqabət qabiliyyətliliyə görə Azərbaycan dünyada 39-cu yerdədir. Zəngin neft və qaz resurslarımız olmasaydı, bundan səmərəli istifadə etməsəydik, bu inkişaf üçün bizə böyük müddət lazım olacaqdı”.